4 Mart 2021 19:44
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tətbiq olunan peyvənd dünyada mövcud olan vaksinlərin ən yaxşılarındandır. Digər vaksinlərin pis olduğu fikri də yanlışdır. Tibb sahəsinə bağlı adam kimi deyə bilərəm ki, hər bir şey müqayisədə aydın olur. Azərbaycanda hazırda tətbiq olunan peyvəndin yan təsirləri olduqca azdır. Çünki bu vaksin zəiflədilmiş virusun özündən hazırlanır.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Komitə üzvü hər bir insan orqanizminin ayrı-ayrı xüsusiyyətlərə malik olduğunu söyləyib: “Eyni olan orqanizm yoxdur. Ona görə də, bu vaksinin hər bir orqanizm üçün uyğunluğu testlərdən keçib. Ümumdünya Səhiyyə Təşkilatı Moderna, Fayzer kimi vaksinlərin Sinovak vaksininə nisbətən yan təsirlərinin çox oluğunu təsdiqləyib. Ola bilsin, digər vaksinlər orqanizmdə 99 faiz immunitet yaratsın. Yan təsirləri, ağırlaşmaları isə Sinovakdan çox ola bilər.

Sinovak dünya paraktikasında ən çox istifadə olunan vaksindir. Bu vaksin tibb elminə çoxdan məlumdur. Sinovak vaksininin tətbiqindən bu günə qədər hələ ki, heç bir ağırlaşma qeydə alınmayıb”.

Deputatın fikrincə, Azərbaycanda vaksinasiya başlayandan bu günə qədər heç bir ciddi şikayət yoxdur: “Ən pis halda ürəkbulanma və yüngül ağrılar ola bilər. Çünki bu vaksin virusun zəif formasından yaradılıb. Vaksinləşmədən sonra insan qanında anticisimlər yaranır”.

Millət vəkili dövlətin vaksinasiya məsələsinə həssaslıqla yanaşdığını söyləyib: “Cənab Prezident bu məsələdə müdriklik nümayiş etdirdi. Dünyada peyvəndin ədalətsiz bölgüsü aparılır. Cənab Prezident mətbuat konfransında bunu vurğuladı, Kanada əhalisinin sayından 4 dəfə artıq peyvənd alıb. Bu ölkənin aldığı artıq vaksinlə Afrikadakı yoxsul insanların həyatını xilas etmək olar”.

Məlahət İbrahimqızı ölkəmizin sifarış etdiyi vaksin sayı ilə risk qrupuna daxil olan insanların vaksinləşməsindən sonra yoluxma təhlükəsinin qarşısını almağın mümkünlüyünə toxunub: “Risk qrupuna daxil olan təbəqələrin vaksinasiyası aparılır. İnsanlarla sıx təmasda olan xidmət sektorunun əməkdaşları vaksinasiya olunur. Azərbaycanda 65 yaş, Avropada 80 yaşdan yuxarı insanlara vaksin vuruldu. İnanılan odur ki, önləyici tədbirlərlə ötən ilki vəziyyət yaranmayacaq.

Yoluxmada stabilləşmə qeydə alınır. Virusa yoluxanların da orqanizmində immunitet yaranıb. Bəzi insanlar isə heç bir ağırlıq hiss etmədən virusu keçirib. Risk qruplu insanların isə vaksinasiyası prosesdə təhlükəli tendensiyanı tamamilə aradan qaldıracaq. Məhdudlaşdırıcı tədbirlər yoluxma faizini aşağı salacaq”.

Millət vəkili bildirib ki, dövlətimizin hər bir vətəndaşın sağlamlığı və təhlükəsizliyi üçün zəruri addımlar atıb: “Cənab Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva üçün insanların sağlamlığı, sosial qayğıları hər zaman prioritetdir. Görülən önləyici tədbirlərlə tezliklə bu virusun da təsiri azalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər