5 Mart 2021 15:29
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər