6 Mart 2021 19:19
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Qurultayda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev geniş nitqlə çıxış etdi. Nitq çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvidir.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, mən son 17 il ərzində Qarabağ probleminin həlli ilə bağlı məsələdə Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını demişəm və bununla əlaqədar olaraq qarşımıza məqsəd qoymuşduq ki, bu işğalın nəticələrini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görək:

“Cənab Prezident çox açıq şəkildə bildirir ki, bu dövrdə çox ciddi basqılar və təzyiqlər var idi. Bizi yarımçıq, qeyri-ədalətli və Azərbaycan xalqını qane etməyəcək sülh şərtləri ilə razılaşmağa vadar edirdilər. Amma biz bu yolu seçmədik. Səbrlə, əzmlə başqa bir yolu – ordunun yenidən qurulmasını, güclü ordu yaradılmasını və münasib vaxt yetişdikdə torpaqları öz gücümüzlə azad etməyi məqsəd seçdik”.

Qabil Hüseynli qeyd edib ki, ötən 17 il ərzində ölkə sürətlə inkişaf edirdi:

“Bunu hamı bilir. Azərbaycan qısa müddətdə neft-qaz layihələrini, eləcə də bir sıra nəqliyyat layihələrini reallaşdıraraq bölgənin lider dövlətinə çevrildi. Bu, həm iqtisadiyyatımızın sürətlə inkişafına, əhalinin maddi rifah halının yaxşılaşmasına, həm də sözsüz ki, ordu quruculuğuna müsbət təsir göstərdi. Prezident İlham Əliyev qeyd etdi ki, ötən illər ərzində, xüsusilə son 3 ildə biz prezident və parlament seçkilərini keçirmişik.

Bu seçkilərin ölkəmizin müasir həyatında oynadığı rola xüsusi diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2016-cı ildən başlayaraq geniş islahatlar yoluna qədəm qoyub. Bu islahatlar struktur islahatlarından tutmuş siyasi islahatlaradək geniş bir sahəni əhatə edir.

Biz ölkəni müsirləşdirməyi, ölkədə hələ də özünü göstərməkdə rüşvət və korrupsiyaya qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymuşduq və bu istiqamətdə xeyli məsəfə qət edilib. Bu prinsipial xətt bundan sonra da davam etdiriləcək.

Prezident qeyd etdi ki, biz qarşımıza xüsusi məqsədlər, proqramlar qoyur və onları icra etməyi bacarırıq. Biz ölkəmizə və regiona yeni reallıqlar təqdim edən ölkəyik və qarşıya qoyulan hədəflərin reallaşdırılmasını təmin edirik. Elə bu səbəbdən Dağlıq Qarabağın işğaldan azad olunması son 17 il ərzində qarşımıza qoyduğumuz vəzifələrin mərhələ-mərhələ həyata keçirilməsi və Azərbaycanın güclü iqtisadiyyata, güclü ordu potensialına malik olmasının nəticəsidir”.

Politoloq deyib ki, ölkə prezidenti həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılma zərurətinin xalqın arzu-istəyindən qaynaqlandığını vurğulayıb:

“Sözsüz ki, ölkə prezidentini ağıllı, yüksək intelektual səviyyə ilə seçilən çıxışı ilə ölkəmizin son illərdə keçdiyi tarixi yola bir yekun vurdu və bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib ki, bu da xalqımızın və Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsidir. Bu nöqteyi-nəzərdən keçirilən qurultay yeniləşmə, islahatlar yoluna qədəm qoymuş Yeni Azərbayacn Partiyasının bundan sonra ictimai-siyasi həyatımızın bütün sahələrinə yeni stimul vermək istiqamətində fəaliyyəti daha da artaraq güclənəcək”.


Müəllif: Səxavət Həmid