"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi".
Teleqraf.com-un xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.
Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Z.Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini qeyd edib.
Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran müdafiə naziri Azərbaycan Ordusu tərəfindən postmüharibə dövründə azad edilmiş ərazilərdə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.