Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Özlərini demokratik dəyərlərin ünvanı kimi təqdim edən Qərbdə elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə düşüncə kimi qalır. Real həyatda bunu görmək mümkün olmur. Ölkəmizdə isə bütün xalqların nümayəndələri ictimai-siyasi proseslərdə aktiv yer alır. İkinci Qarabağ müharibəsində də Azərbaycanda yaşayan xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, son 30 il ərzində Ermənistanın, erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub:
“Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır. Öz dostlarını seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. 30 ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq. Azərbaycan artıq ərazi bütövlüyünü bərpa etmiş bir ölkədir. Eyni zamanda bu on illiklər ərzində torpaqlarımızı işğalda saxlayan düşmən ağır şəkildə məğlub edilib. Azərbaycan özünün bütün dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü təmin edib. Tarixi ata-baba torpaqlarımıza vətəndaşlarımız yenidən ayaq basacaq”.
Cavid Osmanov Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru yolu ilə əlaqələrin bərpasından danışıb:
“Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam edir. Ermənistan tərəfi bu dəhlizin açılmasına süni əngəllər yaratmağa çalışsa da, tarixi yol bərpa olunacaq. Zəngəzur dəhlizi dövlətimiz, xalqımız üçün tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda xüsusilə bu məsələ əks olunub. Bu, dövlətimizin böyük siyasi qələbəsidir”.
Millət vəkili ölkədə siyasi sferada yaranan canlanmadan da bəhs edib:
“YAP-ın VII qurultayında bəzi siyasi partiyalar birləşmə ilə bağlı qərar qəbul edib. Həmin partiyaların üzvlərinin sayı mühüm olmasa da, konstruktiv qüvvələrə açıq və milli həmrəylik mesajları verilmiş oldu. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir”.