13 Mart 2021 20:00
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabra qədər dövlətimiz qarşısında dayanan ən böyük hədəf və vacib məsələ torpaqlarımızın düşmən işğalından azad edilməsi idi. Bunun üçün iqtisadiyyat gücləndirildi, ölkədə milli birlik və həmrəylik mühiti inkişaf etdirildi. Eyni zamanda beynəlxalq hüquq müstəvisində ölkəmizin haqq işinə hüquqi qiymət verildi. Ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Nəticədə müasir və güclü bir Ordu formalaşdırıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat həyata keçirilən uğurlu proqramlara əsasən Azərbaycan Ordusunun XXI əsrin ən güclü Silahlı Qüvvələrindən birinə çevrildiyini bildirib:

“44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz düşməni darmadağın etdi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Tarixi Qələbə ölkəmiz və bölgə üçün yeni reallıq yaratı. Artıq işğaldan azad olunan torpaqlarda qısa zamanda quruculuq və bərpa işlərinə başlanılacaq. Bundan sonra böyük qayıdış həyata keçiriləcək”.

Azər Badamov ölkədə siyasi dialoq mühitinin daha geniş inkişafı üçün atılan addımlardan bəhs edib:

“Milli birlik və həmrəyliyin təmin olunması üçün konkret addımlar atılıb. Ölkədə sağlam siyasi mühit formalaşır. Ölkəmizin digər bölgələri ilə yanaşı işğaldan azad olunmuş ərazilərdə də müasir kommunikasiyaların yaradılması təmin olunacaq. Azərbaycan bölgənin inkişafına əngəl yaradan Qarabağ problemini öz gücü və imkanları hesabına həll etdi. Bundan sonra bölgədə yeni əməkdaşlıq, qarşılıqlı siyasi-iqtisadi ələqələrin inkişafı dövrü başlayıb. Sağlam münasibətlərin təmin olunması ilə bölgə xalqlarının daha yaxşı yaşaması üçün mühüm imkanlar mövcuddur”.

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması işləri sürətlə icra olunur:

“Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin reallaşdırılmasına başlanılıb. İlin sonuna qədər böyük qayıdışa başlamaqla, mərhələli şəkildə qaçqın və köçkünlərin öz doğma yurdlarına yerləşdirilməsinə start veriləcək. Azərbaycan hökuməti bu günə qədər hədəflədiyi bütün məqsədlərə nail olub. Vətəndaşlarımızın öz doğma yurdlarında da layiqli həyat səviyyəsinin təminatı reallaşacaq. Bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər