Bir atalar misalında deyildiyi kimi: Xain xoflu olar. Ona görə də ermənilər Azərbaycan Ordusunun müharibədən dərhal sonra genişmiqyaslı təlimlər keçirməsindən bərk narahat olub. Onlar hələ də təlatüm, qorxu içindədirlər. Düşünürlər ki, Azərbaycan növbəti dəfə antiterror əməliyyatları həyata keçirə bilər.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ordumuzun keçirdiyi təlimlər ölkəmizin növbəti güc göstəricisidir:
“44 günlük müharibədən sonra belə bir genişmiqyaslı təlimlər keçirilməsi sözsüz ki, Silahlı Qüvvələrin növbəti döyüş hazırlığını yoxlamaq məqsədi daşıyır. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu gün öz gücü ilə düşmən tərəfə növbəti bir mesaj verir. 10 minlik şəxsi heyət, bütün növ hərbi texnikalar daxil olmaqla keçirilərn təlimlər Azərbaycan Ordusunun döyüş vərdişlərini daha aktiv müstəvidə saxlamağa hesablanıb”.
Elman Məmmədov qalib Ordunun hərbi təlimlərinin xüsusi əhəmiyyətindən bəhs edib:
“Məlumatlarda bildirilir ki, erməni tərəfi də hərbi təlim keçirmək istəyinə düşüb. Tankı, topu döyüş meydanıənda qoyub qaçan, Azərbaycana qənimət verən bir ordu necə təlim keçirəcək? Bu da sual atlındadır. Olmayan ordu ilə Ermənistanın təlim keçirməkdə məqsədi isə başqa hədəflərə hesablanıb. Amma bunun əksinə olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığı vəziyyətindədir. Bu o deməkdir ki, düşmən bundan lazımi dərs çıxarmalıdır. Dəmir Yumruğu unutmaq düşmən üçün fəlakət ola bilər. Ona görə də erməni tərəfi normal yaşamaq istəyirsə, Azərbaycanın şərtlərinə riayət etməlidir”.