Mətbuatda mənim Eldar Quliyev haqqında xoşagəlməz ifadələr işlətdiyimi əks etdirən açıqlamam yayılıb. Təxmini 20 gündür dişlərimi müalicə etdirirəm, danışa bilmirəm. Görünür, bundan dolayı jurnalist dediklərimi səhv eşidib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Modern.az-a Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev yerli mediada deputat Eldar Quliyev haqqında yayımlanan açıqlaması barədə danışarkən deyib.
Hafiz Hacıyev Eldar Quliyev haqqında həmişə xoş sözlər dediyini bildirib:
“O ağsaqqaldır, ləyaqətli insandır, mənim dostumdur. Eldar Quliyev tərbiyəli adamdır. Görünür, açıqlamanı dərc edən saytın əməkdaşı mən danışanda tələffüzümlə əlaqədar dediklərimi səhv başa düşüb. Eldar müəllimə qarşı xoşagəlməz söz mənim dilimdən çıxa bilməz. Onun xətrini çox istəyirəm. Dövlətçiliyə sadiq, dövləti sevən insandır, ölkə başçısının siyasətini dəstəkləyib”.
Eldar Quliyevlə dost, mənəvi qardaş olduğunu vurğulayan H. Hacıyev deyib ki, onların arasına heç kim girə bilməz:
“O, təmiz, tərbiyəli, ləyaqətli adamdır. Mən poliklinikadayam, zənglərə cavab verə bilmirəm, dediklərim yanlış anlaşılıb”.