"Hökumətin hesabatına müsbət səs verəcəyəm. Ona görə ki, bu, iki savaşdan birində-Qarabağ savaşında qələbə yaşadan, digər müharibədən - pandemiyadan minimum zərərlə çıxan hökumətin hesabatıdır. Azərbaycan əsgərinin, polisinin və həkiminin arxasında bu icra olduğundan müsbət qiymətləndirmək olar.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Fazil Mustafa deyib.
O bildirib ki, bəzi boşluqları və nöqsanları da qeyd etmək lazımdır ki, bu kimi hallar nəzərə alınsın:
“Qarabağın bərpası ümummilli məsələ olduğundan bu barədə konsepsiyanın hazırlanmasında həmin rayonlardan olan deputatların, ziyalıların təklifləri nəzərə alınıbmı, eləcə də bu barədə parlamentin potensialından istifadə ediləcəkmi?”.
Fazil Mustafa qeyd edib ki, pandemiya dövründə iqtisadi fəallıq azalıb:
“Əlbəttə, bu obyektiv səbəblərdən yaranan durumdur. Son 3 ayda ərzaq və digər vacib sferada malların qiyməti hədsiz bahalaşıb. Düzdür, dövlət sosial yönümlü xərcləri azaltmayıb, əksinə artırıb. Burada əsas istiqaməti özək sektora yönəltmək lazımdır. 794 min əmək müqaviləsi qeydə alınıb. Amma pandemiya zamanı xeyli iş yeri bağlanıb. 1292 nəfərə işsizlik sığortası ödənilib. Bu olduqca kiçik rəqəmdir”.