2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Pandemiyanın yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq ölkə rəhbəri tərəfindən atılan qətiyyətli addımlar nəticəsində iqtisadiyyatdakı problemlər minimuma endirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Bütün bunlar Azərbaycan dövlətinin gücü, yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. İndi bizim əsas vəzifəmiz Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, işğaldan azad edilmiş ərazilərimizin ən abad guşələrdən birinə çevirmək və bu prossesdə fəal iştirak etməkdir.
Teleqraf.com xəbəbr verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu gün parlamentdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deyib.
Sevinc Fətəliyeva bildirib ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar nəticəsində ölkəmizin bütün regionlarında iqtisadiyyatın sürətli inkişafı, insanların yaşayış şəraitinin yaxşılaşması, yoxsulluğun aradan qaldırılması, işsizliyin azaldılması, sabitliyin möhkəmlənməsinin təmin edilməsi istiqamətində bir çox işlər həyata keçirilib:
“Çox sevindirici haldır ki, millət vəkili seçildiyim ərazidə də abadlıq-quruculuq işləri görülüb. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yollar yenidən qurulub. Bu da sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradaraq, yük və sərnişin daşımasını asanlaşdırıb.
Lakin bəzi sahələr vardır ki, onların həlli məsələsi bu gün də narahatlığa zəmin yaradır. Vətandaşların müraciətləri məsələnin həlli istiqamətində real addımlar atmağa böyük ehtiyac duyulduğunu təsdiq edir. Bakı ətrafındakı qəsəbələrdə bu gün də kanalizasiya sisteminin qurulması məsələsi ən çox narahatlıq yaradan sahələrdəndir. Bu məsələ azca yağış yağan kimi özünün acı mənzərəsini yaradır və digər problemlərə yol açır. Zığ qəsəbəsində baş verən sürüşmənin, qırılmalar və çökmələrin əmələ gəlməsinin diğər səbəblərindən biri də məhz bu ərazidə kanalizasiya siteminin olmamasıdır. Suraxanı rayonunda mövcud kanalizasiya sisteminin yenidən qurulması, Hövsan və Zığ qəsəbəsində, Hövsan bağları, Quşçuluq, Südçülük, Zığ bağları, Qum adası və diğər ərazilərdə, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsində kanalizasiya şəbəkəsinin qurulması üçün vəsaitin ayrılması vətandaşların üzləşdiyi bir çox problemlərin aradan qaldırmasına kömək etmiş olardı. Arzu olunandır ki, qeyd olunan ərazilərdə asfaltlanmanın davam etdirilməsi, insanların yaşayış şəraitinin və rahatlığının təmin edilməsi məqsədi ilə yeni salınmış yaşayış sahələrində infrastrukturun qurulması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin yaradılması nəzərdən kənarda qalmasın və bu sahəyə də maliyyə vəsaiti ayrılsın. Digər məsələ, yaşayış binalarının istilik təchizatı ilə əlaqədardır. Bəzi yaşayış binaları vardır ki, onların binadaxili istilik sistemləri sıradan çıxmış, qazanxanaların fəaliyyəti tamamilə dayandırılmışdır. Hövsan qəsəbəsinin F.Bayramov küçəsində 8 binanın əhalisi məhz bu problemin mövcudluğundan əziyyət çəkir. Yaşayış binalarının istilik təchizatının bərpası və qazanxanaların modelləşdirilərək yenidən qurulması üçün büdcədən bu sahəyə də vəsaitin ayrılması vətəndaşlar tərəfindən mənmunluqla qarşılanar”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda XXI əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritet məsələlər sırasındadır:
“Çünki dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz bu baxımdan deputat seçildiyim ərazidə indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə dövrün tələbinə uyğun bacarıqlar və vərdişləri aşılayacaq müasir standartlara uyğun peşə təhsili verəcək məktəbin inşa edilməsini məqsədəuyğun hesab edirəm. Ümidvaram ki, sadaladığım problemlərin həlli istiqamətində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən tədbirlər görüləcək və əldə olunan nəticə cəmiyyət tərəfindən də müsbət qarşılanacaq”.