Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri bu ərazilərin əsl sahiblərinin kimliyini və orada 10 illiklər boyu erməni vandalığını bütün dünyaya çatdırılması baxımından əhəmiyyəti böyükdür. Ölkə rəhbərinin bölgələrə səfərlərində səsləndirdiyi fikirləri bu bölgənin inkişafı və qarşıda duran vəzifələr üçün bir proqram hesab olunur. Eyni zamanda bu səfərlər həmin bölgənin daha da canlanmasına, inkişafına töhfələr verir.
Milli Məclisin deputatı Aqil Məmmədov Teleqraf.com-a açıqlamasında ölkə başçısının bölgələrə səfərindən sonra həmin ərazilərə yeni bir nəfəs gəldiyini söyləyib: “Vətən müharibəsindən sonrakı dövrdə ölkə rəhbərinin işğaldan azad edilmiş bölgələrə səfərləri də mühüm əhəmiyyət kəsb edir. Ərazilərə qayıdış və oradakı real vəziyyətlə bağlı erməni vandallığının bütün dünyaya çatdırılması olduqca vacibdir. Bu səfərlər eyni zamanda ərazilərin inkişafına təkan verən amillərdəndir”.
Deputat qeyd edib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri həmin ərazilərin daha tez bərpasına xidmət edir: “Qısa zaman kəsiyində Azərbaycan vətəndaşlarının ata-baba yurdlarına qayıda bilməsi üçün zəmin yaranır. Erməni tapdağından azad olunmuş bölgələrdə infrastrukturun qurulması sıfırdan həyata keçiriləcək. Çünki bu ərazilərdə ermənilər vandallıq, barbarlıq edib. Tarixi abidələrin bərpasından başqa bütün infrastruktur yenidən qurulmalıdır”.
Aqil Məmmədov azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından bəhs edib: “Eyni zamanda alternativ enerji mənbələrindən istifadə üçün mühüm addımlar atılır. Yol nəqliyyat infrastrukturunun yaradılması üçün də ilkin işlər görülüb. Hər şey yoldan başlayır. Ərazilərə gediş-gəlişin asanlaşması üçün yol infrastrukturunun olması vacibdir. Cənab Prezident azad olunmuş bölgələrə səfərlərində həmçinin həm qarşı tərəfə, həm də bütün dünya dövlətlərinə bir daha göstərdi ki, ermənilər 30 il müddətində ərazilərdə hansı vandallıqları həyata keçirib. Amma bu torpağın əsl sahibinin görəcəyi işlər, yaradacağı reallıqlar ortadadır”.
Millət vəkili Ceyhun Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş səfərlərinin xüsusi əhəmiyyətindən danışıb: “Ölkə rəhbəri azad olunmuş torpaqlarda geniş məzmuna malik konseptual çıxışlar etdi. Erməni vəhşiliyi ilə bağlı faktlar bir daha bütün dünyaya çatdırıldı. Həmin ərazilərdə azərbaycanlılara məxsus bütün evlər, tarixi mədəni abidələr yerlə yeksan edilib. Dövlət başçısının Azərbaycan məktəbinin, alban kilsəsinin qarşısındakı çıxışları məzmunu və ötürmüş olduğu mesajların əhəmiyyətinə görə mühüm önəm kəsb edir”.
Deputat qeyd edib ki, Azıx mağarasının qarşısında cənab Prezident tarixi abidələrimizə qarşı erməni vandallığından, saxtakarlığından danışıb: “İşğal dövründə ermənilər Azıx mağarasında qanunsuz araşdırmalar həyata keçirmək üçün xaricdən də arxeoloqlar dəvət ediblər. Onlar çalışıblar ki, tarixi saxtalaşdırsınlar. 30 ilə yaxın işğal müddətində ermənilər azərbaycanlılara məxsus abidələri təhqir edib. Məscidlərdə donuz saxlayıb. Eyni zamanda alban kilsəsinə erməni adlarının, işarələrinin yazılması məhz mənfir niyyətin nəticəsidir. Dini məbədə qarşı belə bir addımın atılması insanlıqdan uzaq bir yanaşmadır”.
Milli Məclisin deputatı Elman Məmmədov Hadrut əməliyyatından və Şuşaya açılan yoldan danışıb: “Bu əməliyyatlar hərb tarixində mühüm səhifə hesab olunur. Əməliyyatların hazırlanması, planlanması, istiqamətin götürülməsi düşmənin tələyə salınması, onun başqa istiqamətə yönəldilməsi taktiki gedişlər idi. Azərbaycan Ordusu 44 günlük müharibədə özünün gücünü və hərbi taktiki hazırlığını bütün dünyaya göstərdi. Bu hərbi əməliyyatlar müasir hərb tarixində xüsusi önəm daşıyır. Gələcəkdə bu döyüşlərin ənənəsindən istifadə edənlər olacaq”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra növbəti böyük hərbi təlimlərə başlayıb: “Bu təlimlər ordunun döyüş hazılığını və hər an antiterror əməliyyatlarına çevik reaksiyasını yoxlamaq üçün atılan strateji bir hazırlıq planıdır. Azərbaycan Ordusu Hadrutda, Tuğ kəndində böyük hərbi güc, yüksək tekniki bacarıqlarını nümayiş etdirib. Onu da qeyd edək ki, "Tuğ" türk sözü olub-"bayraq" deməkdir. Ermənilər iddia edirdilər ki, bu ərazilər onlara məxsus olub. Əgər Tuğ onların kəndidirsə, bu adın erməni dilində qarşılığı necə səslənir? Cənab Prezident də Tuğda o ifadəni bir daha vurğuladı ki, bu kənd ermənilərin olubsa, bu məktəbi niyə dağıdıblar? Azıx mağarasında və digər tarixi ərazilərdə cənab Prezidentin səsləndirdiyi fikirlər böyük önəmə malikdir”.
Elman Məmmədov Prezidentin Hadrutdan Şuşaya ilaxır çərşənbəsi günü getməsinin tariximizə, adət-ənənələrimizə verilən ən yüksək dəyərin bariz nümunəsi olduğunu söyləyib: “Artıq Şuşada 28 ildən sonra bayram tonqalları yandırıldı. Bu, düşməni çatladan, yerbəyer edən bir görüntü idi. Mart ayı olsa da Şuşa, Kəlbəcər, Xocavənd dağlarını başı qarlıdır. Bu, təbiətimizin ahəngdarlığıdır. Ali Baş Komandan da səfərdə günəşli bir səmanın olmasını xüsusi ilə vurğulamaqla təbiətin də torpağın əsl sahiblərini salamladığını qeyd edib. Çox gözəl günlər yaşayırıq. İllərdir arzuladığımız günləri real şəkildə qeyd edirik. Bundan sonra daha gözəl günlər, tarixlər yaşayacağıq”.