Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Emin Səlhab oğlu Məmmədov "Azərxalça" ASC-nin sədri vəzifəsinə təyin edilib.
Teleqraf.com xəbər verir ki, Emin Məmmədovun dosyesini təqdim edir:
E.Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviridir. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. E. Məmmədov Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq edib.
Emin Məmmədov Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
O, tanınmış rəsssam Səlhab Məmmədovun oğlu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun qardaşıdır.
Qeyd edək ki, "Azərxalça" ASC-nin keçmiş sədri Vidadi Muradov bir müddət əvvəl həbs olunub.