19 Mart 2021 16:48
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən martın 18-də imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin, vətəndaşın faktorunun dayanmasının növbəti təzahürüdür. Artıq neçə illərdir ki, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində, o cümlədən, xalqımız və dövlətimiz üçün digər mühüm əlamətdar günlərdə cənab Prezident tərəfindən əfv Sərəncamları imzalanır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, bu, Azərbaycanda məhkum hüquqlarının qorunması, həm də bütövlükdə insanlığa verilən dəyərdir:

”Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hələ millət vəkili olarkən amnistiya təşəbbüsü ilə çıxış edib. Xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu təklif artıq ənənəyə çevrilib. Ötən dövr ərzində Azərbaycanda 67 əfv Sərəncamı imzalanıb. 11 amnistiya aktı qəbul edilib. Bu sənədlər dövlətimizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması baxımdan da böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar, hüquqi müstəvidə də öz bəhrəsini verib. Aparılan hüquqi islahatlar sırasında cəza siyasətinin humanistləşdirilməsi, xüsusi təhlükəli hallar istisna olmaqla, cəzanın yüngülləşdirilməsi imkanlarının yaradılması önəmli məsələlərdəndir. Bu Sərəncam xalqımızın milli həmrəylik bayramı olan Novruz bayramına xüsusi sevinc hisləri qatıb. Məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları əsas prinsip kimi nəzərə alınır. Humanizm prinsipləri əsas götürülməklə məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 illik cəza ilə əvəzlənib. Şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsi ləğv olunub. Cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib. Bütövlükdə bu Sərəncam 625 nəfəri əhatə edir. Onlardan 28-i qadındır”.

Millət vəkili sosial kateqoriyasından, siyasi, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq müxtəlif məhkum olan şəxslərin də adlarının yer almasına diqqət çəkib:

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, “Nardaran” və “Gəncə” hadisələrinə görə həbs olunan məhkumlar əfv edilib. Bütün bunlar ölkəmizdə vətəndaş həmrəyliyi və tolerantlığının təmin olunması istiqamətində atılan mühüm addımdır. Novruz bayramı ərəfəsində imzalanan əfv Sərəncamı məhkumların, onların ailələrinin, gözü yolda qalan valideynlərin, uşaqların sevincini, bayram əhval-ruhiyyəsini bir qədər də artırıb. Artıq onların həyatlarında yeni mərhələ başlayır. Törətdiyi cinayət əməlindən həqiqətən peşmançılıq hissi keçirən, öz ailəsinə, yaxınlarına və ictimai həyata qovuşmaq istəyən məhkumlar onlar üçün yaradılmış bu imkanı dəyərləndirməlidirlər. Yaşamaq, işləmək, yenidən təhsil almaq, peşə sahibi olmaqla özlərini ailədə və cəmiyyətdə təsdiq etməlidirlər”.

Deputatın fikrincə, son zamanlar aparılan təhlillər bir daha göstərir ki, insanlar arasında profilaktik tədbirlərin daha gücləndirilməsinə ehtiyac var:

“Ümumiyyətlə, insanlarda aqressiyanın deyil, dözümlülüyün təbliğ olunması, hadisələrə hisslərlə deyil, məntiqlə münasibət bildirməyi təşviq etmək qarşıda dayanan vəzifələrdən biridir. Bu isə onların daha yüksək və ülvi hisslər haqqında fikirləşməyi, öz ailəsi, dövləti üçün daha yararlı vətəndaş olması üçün ardıcıl işlərin aparılması, ideoloji tədbirlərin daha çox keçirilməsi zərurətini yaradır. Təcrübə göstərir ki, bu sahədə sistemli və davamlı layihələrin həyata keçirilməsi müsbət nəticələr verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər