“Polis haqqında” qanuna dəyişiklik edilib.
Bu haqda deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, polis əməkdaşı müstəsna hallarda xüsusi vasitələrdən istifadə edə bilər.
Onun sözlərinə görə, bura rezin güllələr, su şırnaqları, rezin dəyənəklər, gözyaşardıcı qaz daxildir:
“Eyni zamanda insan anatomiyasına qarşı olan vasitələrin istifadə edilməsi qadağandır. Bildirim ki, ABŞ, İsrail, Sinqapur, Malayziya və digər inkişaf edən ölkələrdə polisə elektroşopdan istifadəyə icazə verilir. Dəyişikliklərdə bizim polis orqanlarının da elektroşopdan istifadəsinə icazə verilir. Burada elektroşopdan hansı zaman istifadə edildiyi açıq göstərilir. Bu insan sağlamlığına ziyan vurulduqda, silahlı müqavimət göstərdikdə, qiyamlarda, barəsində həbs qətimkan tədbiri seçilən, ömürlük həbs edilən şəxslərin həbsdən qaçmaq istəyi zaman istifadə edilə bilər. Hesab edirəm ki, xüsusi vasitələrdən istifadənin əsas meyarı adekvatlıqdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarında da bu məsələ var. Bu dəyişiklik həm insanların, həm də polis əməkdaşlarını bu cür hallardan qoruyur”.
Komitə sədrinin məlumatından sonra ciddi müzakirələrə start verilib.
Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov deyib ki, hüquq münasibətləri qaydaya salır: “Mən ötən iclasda da Fazil Mustafanın fikirlərini müdafiə etdim. Hesab edirəm ki, qanunda “ehtimal edilən” ifadələr olmamalıdır. Qanunda ehtimal edilən ifadəsi çıxarılmalıdır. Qanun konkret olmalıdır”.
Deputat Musa Qasımlı deyib ki, qanun layihəsinə səs verəcək:
“Bu dəyişiklik inkişaf etmiş dövlətlərin qanunvericiliyinə uyğundur. Ancaq bəzi yanlış fikirlərlə bağlı münasibətimi bildirmək istəyirəm. Biz polisin nüfuzunun aşağı düşməsinə imkan verməməli, onun nüfuzunun qaldırılması üçün nə lazımdırsa etməliyik. Hələ ötən əsrin sonlarında bəzi mərkəzlər hesab edirdi ki, ölkəni çökdürmək üçün onun nüfuzu aşağı salınmalıdır. Hesab edirəm ki, bəzi mətbuat orqanlarında polisi gözdən salmaq üçün yazılan məqalələr həmin mərkəzlərin göstərişidir. Mən həmin yazıları və müəllifləri qınayıram. Qanun dəyişikliyini müdafiə edirəm”.
Deputat Çingiz Qənizadə söyləyib ki, bəzi mətbuat orqanları ona vahimə yaradacaq suallarla müraciət edir, deyirlər ki, polis niyə elektroşop vasitəsi ilə gəzəcək: “Mən qeyd edirəm ki, icazə verilən polislər bu vasitələrlə gəzəcək. Yəni bizim gördüyümüz hər polis bundan istifadə etməyəcək. Həm də polis konkret beş halda bundan istifadə edə biləcək. Hesab edirəm ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq mühafizə orqanlarının, xüsusilə polisin müstəsna rolu var. Qənaətimcə, belə hallarda insan haqlarının pozulması məsələsini ortaya qoymaq doğru deyil. Komitədə bu məsələ müzakirə ediləndə biz xaricə təcrübəyə baxdıq. Bir çox qabaqcıl ölkələr bundan istifadə edir və bu təhlükəli deyil”.
Millət vəkili Aqil Abbas deyib ki, mətbuatda polisə qarşı hücum var, polisi nüfuzdan salmaq istəyirlər: “Polis də həmin şəxsi məhkəməyə verəndə ikinci hücum dalğası baş verir. Hərə bir partiya üzvdür və bu da siyasi şouya çevrilir. Deyirlər ki, polis siyasətçini və ya jurnalisti niyə məhkəməyə verir. Məni bir məqam maraqlandırır-polisin atəş açması məsələsi. Nardaranda iki polisi öldürdülər. Cinayətkar istədiyi zaman atəş açır, amma polis havaya xəbərdarlıq atəşi açmalıdır. Polis ikinci güllə atana qədər 27 güllə yeyə bilər. Məncə, xəbərdarlıq etmədən polisin güllə atması məsələsi də qaldırılmalıdır”.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, polisin həyatını təhlükədə qoymaq olmaz: “Burada hamı danışır, ancaq ad çəkmirlər. Söhbət Eldəniz Quliyevin polis haqda bəyanatından gedir. Haqlı olaraq onu məhkəməyə veriblər. Musa müəllim də haqlı danışdı. DİN-in borcudur ki, polisin şərəf və ləyatəqini qorusun, Ramil Usubov da düz edib. Eldəniz Quliyev türkdür, amma talışların müdafiə komitəsi yaratmışdı. Bəs indi niyə müdafiə etmir? Bu adam peşəkar təxribatçıdır. Onu müdafiə edənlər Elçibəy hakimiyyəti dövründə baş nazir, spiker və dövlət katibi olan şəxslərdir. Onlar Elçibəyin prezidentliyi dövründə daxili işlər nazirinin otağına gedərək Heydər Əliyevi Bakıya dəvət etmişdi”.
Göhvər Baxşaliyeva isə düzəlişin əleyhinə çıxıb.
Sonda dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Nemət