SSRİ tarixində mühüm yerə sahib olan Lavrenti Beriyanın həbsi və edamı hələ də müəmma ilə doludur. Onun tutulduğu zaman yerindəcə güllələndiyi, istintaq sənədlərinin saxta olduğu, eləcə də qapalı məhkəməsinin keçirildiyi, sonra isə qətlə yetirildiyini iddia edənlər var.
Təqdim olunan istintaq sənədlərində Beriyadan iki azərbaycanlı haqqında da sorğu-sual edilib: Nağı bəy Şeyxzamanlı və Mirzəbala Məhəmmədzadə. Nağı bəy onun Azərbaycan Cümhuriyyəti dövründəki müdiri, Mirzəbala isə məktəb yoldaşı idi.
Beriyanın edama gedən yolu isə yüksəlişdən keçirdi.
***
1946-cı ilin martından Beriya İ.V.Stalin və ona yaxın altı şəxsdən ibarət “yeddilik” deyilən Siyasi Büronun tərkibinə daxil olur. Bu “yeddilik” ən mühüm dövlət idarəçiliyi məsələləri, o cümlədən xarici siyasət, xarici ticarət, dövlət təhlükəsizliyi, silahlanma, silahlı qüvvələrin fəaliyyəti kimi məsələləri öz əlində cəmləmişdi. 18 martda Beriya Siyasi Büronun üzvü olur, ertəsi gün isə SSRİ Nazirlər Soveti sədrinin müavini təyin edilir. Nazirlər Soveti sədrinin müavini kimi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyinin işini kurasiya edir. Sov.İKP-nin 1952-ci ilin oktyabrında baş tutmuş XIX qurultayından sonra L.P.Beriya əvvəlki Siyasi Büronu əvəz edən Sov.İKP MK Rəyasət Heyətinin, Sov.İKP MK Rəyasət Heyəti Bürosunun və Rəyasət Heyətinin İ.V.Stalinin təklifi üzrə yaradılmış “rəhbər beşliyi”nin tərkibinə daxil edilir.
5 mart 1953-cü ildə Stalinin ölümündən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu, SSRİ Nazirlər Soveti, SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə yığıncağı keçirildi. Bu yığıncaqda L.P.Beriya Sov.İKP MK Rəyasət Heyəti Bürosunun adından SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə G.M.Malenkovun seçilməsini təklif etdi. Bu təklif yığıncaq tərəfindən yekdilliklə qəbul edildi. Elə həmin gün L.P.Beriya SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Daxili İşlər naziri təyin olundu. Əvvəllər mövcud olmuş DİN və Dövlət Təhlükəsizliyi Nazirliyi birləşdirilərək yeni yaradılmış DİN-in tərkibinə verildi.
1953-cü il martın 9-da Stalinin dəfn günündə tabutu aparanlar və Qırmızı meydanda nitq söyləyənlər arasında Beriya da vardı. Xruşşov xatirələrinin Beriya ilə bağlı hissəsində bu barədə yazır: “Stalin ölən kimi Beriya canlanmış, gəncləşmiş, sevincindən havada uçmağa başlamışdı. Stalinin ölüsü hələ tabuta qoyulmamış o, yeni vəzifəsi ilə bağlı təbrikləri qəbul etməyə başlamışdı. Uzun illərdir gözlədiyi anın gəldiyinə inanırdı. Artıq yer üzündə onu dayandıracaq güc qalmamışdı. Heç bir şey ona əngəl ola bilməzdi. Ürəyi nə istəsə edə bilərdi. Avtomobilini çağırıb bizi bağ evində qoyaraq, şəhərə dönərkən bu düşüncələri üzündən oxunurdu”.
Stalindən sonra Beriyanın daşıdığı vəzifələrə görə faktiki ölkədə birinci adama çevrilməsi onun rəqiblərini təşvişə saldı. Qısa zamanda Beriyanın onları aradan götürəcəyinə əmin olduqları onu qabaqlamağa məcbur oldular. 1953-cü il iyun ayının sonlarında Xruşşov, Malenkov, Mikoyan, Bulqanin, Molotov və Voroşilov tərəfindən hazırlanmış plan nəticəsində Beriya həbs olundu. O, Böyük Britaniya və digər ölkələrin xeyrinə casusluqda, Sovet fəhlə-kəndli quruluşunun ləğvinə çalışmaqda, kapitalizmin bərpasına və burjuaziyanın hökmranlığının qurulmasına can atmaqda ittiham edildi. Beriyanı həmçinin mənəvi pozğunluqda, hakimiyyətdən sui-istifadədə, eləcə də Gürcüstan və Zaqafqaziyada öz iş yoldaşları haqqında minlərlə cinayət işinin və qanunsuz repressiyaların təşkilində (ittihama görə, Beriya bunları da qərəzli və düşmən niyyətlərlə törətmişdi) ittiham etdilər. Sov.İKP MK-nın 1953-cü il iyul plenumunda MK-nın, demək olar ki, bütün üzvləri L.Beriyanın ziyankar fəaliyyətinə dair bəyanatlarla çıxış etdilər. 7 iyulda Sov.İKP MK plenumunun qərarı ilə Beriya Sov.İKP MK Rəyasət Heyətinin üzvü vəzifəsindən azad edildi və Sov.İKP MK tərkibindən çıxarıldı. 23 dekabr 1953-cü ildə Beriyanın işinə SSRİ Ali Məhkəməsində marşal İ.V.Konevin sədrliyi ilə Xüsusi Məhkəmə İdarəsi tərəfindən baxıldı. L.P.Beriya məhkəmə qarşısına özünün dövlət təhlükəsizliyi orqanlarındakı elə həmin il ərzində həbs edilmiş bəzi keçmiş əməkdaşları (V.N.Merkulov, B.E.Kobulov, S.A.Qoqlidze, P.Y.Meşin, V.Q.Dekanozov və L.E.Vlodzimirski) ilə birlikdə çıxarıldı. İttiham edilənlərin hamısı barəsində ölüm hökmü çıxarıldı və elə həmin gün də icra edildi.
Xruşşov xatirələrində yazır: “Dövlət prokurorunun Beriyanın məhkəməsini tərəfsiz şəkildə apara biləcəyinə inanmadığımız üçün onu qovub, yerinə yoldaş Rudenkonu gətirdik. Rudenko Beriyanı sorğu-suala çəkməyə başladığı zaman qarşımızda qorxunc bir insanın, heç bir müqəddəs dəyəri olmayan bir vəhşinin olduğunu gördük. Arxivləri açıb Beriyanı hakim önünə çıxardığımız zaman onun məqsədlərinə çatmaq üçün istifadə etdiyi yolların nələr olduğunu öyrəndik. Onun kommunist bir tərəfi yox idi, insanlıqdan tamamilə uzaq idi”.
***
Beriyanın istintaq sənədlərində məktəb yoldaşı Mirzəbala Məhəmmədzadə ilə bağlı hissəni təqdim edirik:
23 iyul 1953-cü il tarixli dindirmənin protokolu
Dindirməni aparıb: SSRİ Baş Prokuroru Rudenko
Sual: Mirzəbala adı sizə tanışdır?
Cavab: Bəli, tanışdır.
Sual: Mirzəbala kimdir?
Cavab: O, mənimlə birlikdə texniki məktəbdə təhsil alıb. Daha sonra təhsilini dayandırdı. O, sol müsavatçı idi. Onunla münasibətim yaxşı idi.
Sual: Mirzəbala indi haradadır?
Cavab: İndi harada olduğunu bilmirəm, amma əvvəllər onun Türkiyədə olduğu bilinirdi.
Sual: O, Türkiyəyə necə getmişdi?
Cavab: Bilmirəm.
Sual: Mirzəbala 1923-cü ildə Tiflisə sizin yanınıza gəlmişdi?
Cavab: Xeyr.
Sual: Mirzəbala 1923-cü ildə sizin mənzilinizdə gizlənmişdi?
Cavab: Xeyr, gizlənməmişdi.
Sual: Siz Mirzəbalanın sərhədi keçməyinə köməklik etmisiniz?
Cavab: Xeyr, əsla.
Qaynaq: