44 günlük müharibə və bunun yaratmış olduğu yeni reallıq var. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Ölkəmiz ədaləti bərpa etməklə dünyada separatizmə dağıdıcı zərbə vurub. İrqi, milli, dini ayrıseçkiliyin təzahürlərinin geniş tüğyan etdiyi bir dövrdə Azərbaycan fundamental dəyərlərin cəm olduğu bir məkan anlayışını ortaya qoyub. Amma buna baxmayaraq, bəzi Avropa ölkələri vətəndaş hüquqları, din faktoru ilə insanları manipulyasiya edir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, Almaniyanın İctimai Televiziyasında Azərbaycan əleyhinə yalan və həqiqətdən uzaq məlumatların yayılması heç bir reallığı əks etdirmir:
“44 günlük müharibədə Almaniya birmənalı mövqe sərgiləyib. Bu gün isə bir çox Avropa ölkələrinin Azərbaycana qarşı təbliğatında Almaniya lokomotiv rolunda çıxış edir. Dağıdıcı, vandalizm və faşizm ideyalarına sadiq Ermənistana Almaniyanın dəstəyi eyni ideoloji xəttin davamı kimi qiymətləndirilir. Almaniya zaman-zaman insan dəyərlərinə, milli, dini dözümsüzlüyə görə dünyanın diqqətindədir”.
Deputat islamafob meyillərin və irqçi çıxışların Almaniya üçün xarakterik olduğunu bildirib:
“Bu faktlar Almaniya rəsmiləri tərəfindən də təsdiqlənib. Məlum olub ki, 2015-ci ildə 2014-cü illə müqayisədə miqrantlara qarşı cinayətlərin sayı 5 dəfə artıb. Bu səpkidə Almaniyada 894 cinayət halı qeydə alınıb. Cinayətlərin də əhəmiyyətli hissəsi islamafobiya zəminində törədilib. 2017-ci ildə bu olaylar pik nöqtəyə çatıb. 2017-ci ildə Almaniyada islamafobiya zəminində 1075 cinayət törədilib. Bunlardan 239-u məscidlərə hücum zamanı baş verib. Bu barbar hücumlarda 32 nəfər xəsarət alıb. Almaniyada təkcə 2018-ci ilin 9 ayında müsəlmanlara hücumlar nəticəsində isə 40 nəfər yaralanıb”.
Cavid Osmanov qeyd edib ki, 2019-cu ilin sorğusuna əsasən, 5 milyona qədər müsəlmanın yaşadığı Almaniyada rəyi soruşulanların yarıdan çoxunun İslamı təhlükə saydığı üzə çıxıb:
“Rəyi soruşulanların 1/3-i müsəlmanlarla qonşuluqda yaşamaq istəmədiyini vurğulayıb. Təbii ki, son illər Almaniyada islamafobiyanın artması fonunda bu ölkədə yaşayan müsəlmanlar artıq özlərini təhlükəsiz hiss etmir. Onlar öz həyatları üçün qorxduqlarını gizlətmir. Təbii ki, 2018-ci ilin avqustunda miqrantlara qarşı kütləvi iğtişaşlar və aksiyalar da ciddi narahatlıq yaratdı. Eyni zamanda Almaniya demək olar ki, hər həftə məscidlərin hücuma məruz qaldığı bir ölkədir. Bütün bunlar Almaniya dövlətinin, hökumətinin müsəlmanların etimadını qazanmaq üçün müvafiq tədbirlər görməsini zəruri edir. Demokratiyanın əsas dəyərlərindən biri insanların öz dini etiqadlarını qorxmadan və zorakılıqla üzləşmədən yaşamasıdır. Almaniyanın müvafiq strukturları islamafobiyanın aradan qaldırılması üçün artıq qətiyyətli addımlar atmalıdırlar. Əks təqdirdə bu, Almaniyada, ümumən isə Avropada aradan qaldırılması mümkün olmayan nəticələrə yol aça bilər”.