Ermənistan rəsmiləri Ermənistan-Azərbaycan sərhəddinin 1975-1976-cı illər SSRİ hərbi xəritələrinə əsasən müəyyənləşdiyini və artıq qurulduğunu elan ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Milli məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat xatırladıb: "Həmin illər Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi (1969-1982-ci illər) dövrlərdir: “Belə aydın olur ki, onun siyasi hakimiyyətinə qədər iki respublika arasında dəqiq sərhəd xətti yox imiş. Məhz bu boşluqdan istifadə edərək 1969-cu ilə qədər Ermənistan vaxtaşırı mərkəzin dəstəyi ilə Azərbaycanın sərhəd kəndlərindən min hektarlarla torpağı Ermənistana birləşdirilməsinə nail olub. Ancaq Heydər Əliyevin mərkəz qarşısında təkidlə məsələ qaldırdıqdan sonra SSRİ Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan arasında dəqiq sərhəddi müəyyənləşdirir. Və xəritələrin 1975-ci ildən təsdiq edilməsi göstərir ki, Heydər Əliyev hakimiyyətə gələn gündən iki respublika arasında sərhədin dəqiq müəyyənləşdirilməsi məsələsini qaldırıb və ona nail olub”.
Aydın Mirzəzadənin sözlərinə görə, sərhədin hərbi xəritələrlə müəyyən edilməsinin də öz mənası var: “Ermənistanda digər bir mülki strukturun rəyini qəbul etməyə də bilərdilər. Hərbi sərhəd xəritələrinin tərtib edilməsi Heydər Əliyevin ötən əsrdən indiki dövr üçün hesablanmış daha bir uzaqgörənliyi idi”.