30 Mart 2021 19:44
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası və "Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər. Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin "Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.

Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür. Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. "Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər", - deyə müraciət müəllifləri vurğulayıblar.

Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər