Pandemiyaya qarşı Azərbaycan bütün dünya üçün nümunə olacaq addımlar atıb. Əhalinin sağlamlığı və təhlükəsizliyi üçün zəruri önləyici tədbirlər görülüb. Qısa zamanda maska, tibbi spirt istehsalı və digər gigiyenik vasitələrin ölkəmizdə istehsalı həyata keçirilib. Əhalinin kütləvi yoluxmasına qarşı iş yerləri və sosial obyektlər müəyyən dövr üçün qapadılıb. İnsanların sağlamlığı ilə yanaşı, onların sosial durumu hər zaman diqqət mərkəzində olub. İşçilərin məvacibləri saxlanılmaqla və müəssisələrin işçi ixtisarlarına yol verilməməsi üçün təşviqedici addımlar atılıb.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, virusa qarşı digər önləyici təsirlərlə yanaşı, ən təsiredici amil vaksinasiya olduğu üçün Azərbaycan bu məsələdə də ilkə imza atıb:
“Ümumdünya Səhiyyə Təşkilatının pandemiya əleyhinə vaksin proqramlarına qoşulan ölkələrdən biri də Azərbaycan olub. Məqsəd ölkəmizdə əhalinin daha tez vaksinasiyasını həyata keçirmək olub. Artıq virusa qarşı bir neçə adda təsiredici gücə malik vaksinlər mövcuddur. Ölkəmiz də artıq vaksinasiya prosesinə başlayıb. Bəlli yaş qrupları ilə bu proses mərhələli şəkildə icra olunur”.
Komitə üzvünə görə, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderlik edir:
“Bu da dövlətin öz vətəndaşına olan diqqətinin bariz təzahürüdür. Ölkədə koronavirusla effektiv mübarizə aparılması üçün vaksinasiyanın həyata keçirilməsi zəruri amillərdəndir. Ona görə də Azərbaycan bu sahədə heç bir gecikdirici amillərə yol verməmək üçün bir neçə ölkənin virusa qarşı effektiv vaksin proqramına qoşulub. Bu da mümkün risklərin aradan qaldırılması üçün vacib amil hesab olunur. Dünyada vaksinin ədalətsiz bölündüyü bu günlərdə Azərbaycan öz vətəndaşının təhlükəsizliyini heç bir siyasi mülahizələrin iradəsinə buraxmayıb”.
Məlahət İbrahimqızı Azərbaycanın pandemiya ilə mübarizədə qlobal təşəbbüslərlə çıxış etməsi məsələsinə də toxunub:
“Ölkəmiz qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb. COVID-19-la mübarizədə Azərbaycanın uğurları beynəlxalq qurumlar, ÜST tərəfindən təqdir edilir. Bu da ökəmizin bütün bəşəriyyət üçün taleyüklü məsələlərdə təşəbüskar mövqeyini ortaya qoyur”.