2016-cı ildə baş tutan 4 günlük Aprel döyüşləri Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb oldu. İndi isə Vətən müharibəsindəki məğlubiyyətə görə istefaya gedəcəyini elan edən Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edilər.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Ermənistanda sıravi insanlar, həmçinin 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda günahlandırırlar:
“Ölkəmiz əleyhinə mövqeyi ilə tanınan Semyon Baqdasarov Rusiya ermənilərinin tribunası olan “Yerkramas” qəzetinə müsahibəsində deyir: "Ermənistan dövlətinin sükanı arxasında 2006-cı ildən türklər tərəfindən casusluğa cəlb olunan adamlar əyləşib”.10 noyabrda küçədə linç edilən parlament sədri Ararat Mirzoyanı da “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər. Göründüyü kimi, erməni xalqı özgə torpaqların əsirliyində qaldığını, ona sahiblənə bilməməyin acısını çəkir. Əgər İrəvanda hökumət binasında həqiqətən “türk, azərbaycanlı” əyləşibsə, onda min illər ərzində əldən-ələ keçən bir şəhərin adını dəyişib Yerevan qoymaqla nə onun qədim tarixini silmək, oranı siyasi paytaxta və milli dövlətçilik simvoluna çevirmək istəməzdi. Eyni zamanda bunun da mümkün olmadığı göz qabağındadır. Ermənilər SSRİ yaranandan və dağılandan sonra azərbaycanlıların qədim şəhərində özlərinə siyasi mərkəz-dövlət binası tikə bilmədilər.Əvvəlcə Levon Ter-Petrosyanı, sonra digər prezidentləri nifrətlə hakimiyyətdən düşürməklərinin, indi isə Paşinyanı Mandela kimi qəbul edib Çauşesku kimi yola salmaq istəmələrinin başlıca səbəbi orada minillik azərbaycanlı irsinin dağıdıla bilinməməsidir. Xatırladaq ki, sovet Ermənistanına rəhbərlik edən 14 birinci katibdən 6-sı repressiya edilərək güllələnib. Bu, Mirmehdi xandan, Hüseynəli xandan indiyədək azərbaycanlı rəhbərlərin yurdunda birinci şəxs ola bilməyən ermənilərin acı taleyini göstərir! Təkcə Karen Dəmirçiyan öz sələflərindən fərqli olaraq 70-80-ci illərdə Heydər Əliyevi İrəvanda, o torpağın əsil sahibinə göstərilməli olan ehtiramla, təzimlə qarşılamışdı və Bakı ilə düşmənçiliyin onlara gərək olmadığını dərk etmişdi. İndi Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Prezident İlham Əliyevin xarizması və nüfuzu İrəvanın üzərinə düşür və bunu ermənilər yaxşı görürlər. Halbuki, bizim ordumuz İrəvana yeriməyib, tank və toplarımız Zəngi çayını keçməyib, əvəzində ermənilər İrəvanın Azərbaycanın mənəvi paytaxtına çevrilməsindən dərin sarsıntı keçirirlər. Erməni lidelərlərinin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir.Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bölgədə sülh və əməkdaşlıq üçün bizim “xoş gəlmisiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamasıdır!”.