2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Şanlı Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini düşməndən azad etdi. Uğurlu hərbi əməliyyatlar və əldə edilən strateji yüksəkliklərlə minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə qarşı etdiklərinin qarşısını almaq idi:
"2016-cı ilin martından başlayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən hərbi dayaq məntəqələri məhv edilib. Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.
Ordumuzun qəti zərbələri nəticəsində Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərindən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatlar əmələ gəldi. Bunun nəticəsində erməni xalqı öz “şanlı ordusunu” tanıdı. Bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiqləndi. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi darmadağın oldu. Bu tarixi qələbə əsgərlərin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu”.
Cavid Osmanova görə, aprel döyüşləri Azərbaycan xalqının Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi:
“Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili qeyd edib ki, beş iş əvvəl düşmən üzərində qazanılan hərbi uğur Ordumuzun, xalqımızın Böyük Qələbəyə inamını, əzmini gücləndirdi:
“Bu uğur Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni II Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vurdu. Sarsıdıcı zərbələrə tab gətirməyən işğalçılardan torpaqlarımız azad edildi. Güclü Ordumuz Böyük Qələbəni cəmi 44 gündə qazandı. 5 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli şanlı bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanması böyük qürur hissi yaşadır”.