3 Aprel 2021 12:07
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasını qlobal pandemiya elan etdikdə Azərbaycan bu epidemiyaya qarşı mübarizə tədbirlərinə ilk başlayan ölkələrdən olub”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçısının sərəncamları və tapşırıqları ilə Nazirlər Kabineti yanında müvafiq sahələri əhatə edən mütəxəsislərdən ibarət Operativ Qərargah yaradıldı:

“Bu Qərargah ölkəmizdə koronavirusa yoluxmaların dinamikasını gündəlik təhlil edir və bu yoluxmaların nəzarət altında saxlanılması üçün müvafiq qərarlar verir. Dövlət başçımızın qeyd etdiyi kimi, vətəndaşlarımızın sağlamlığı bizim üçün hər şeydən üstündür və ona görə də dövlət resurslarının böyük bir hissəsi koronavirusa qarşı mübarizə tədbirlərinə yönəldildi. Qısa bir zaman kəsiyində ölkəmizə koronavirusla bağlı testlər və testlərin yoxlanılması üçün laboratoriyalar gətirildi, tibbi maska və qoruyucu vasitələr istehsal edən sahələr istismara verildi. Müəyyən xəstəxanaların fəaliyyət istiqamətləri dəyişdirilərək birbaşa koronavirus xəstələrinin müalicəsinə yönəldildi. Həm də Prezidentin sərəncamı ilə qısa bir zamanda modul tipli xəstəxanalar tikilərək ölkədə koronavirus xəstələrinin müalicəsi üçün çarpayı sayı artırıldı. Beləliklə, qısa bir zamanda COVID-19 infeksiyasına yoluxanların vaxtında hospitallaşdırılaraq müalicəsinin təşkili üçün lazımi infrastruktur ərsəyə gətirildi və koronavirusa qarşı mübarizə tədbirləri effektiv təşkil olundu”.

Azər Badamovun sözlərinə görə, Azərbaycan koronavirusa qarşı mübarizəni nəinki ölkəmizdə effektiv təşkil etdi, həm də bu mübarizədə qlobal təşəbbüslərlə çıxış edərək kasıb ölkələrə yardımların edilməsi üçün ÜST-ə 10 milyon dollar yardım da ödədi:

“Həmçinin pandemiyaya qarşı mübarizənin aparılmasına kömək məqsədilə 30-dan çox ölkəyə lazımi yardımlar göndərdi. Azərbaycan pandemiyaya qarşı mübarizənin qlobal təşəbbüslərinə ancaq yardımlarla kifayətlənmədi, eyni zamanda dünya ölkələrini bu mübarizədə əməkdaşlığa dəvət etdi. Bu məqsədlə dünyada ilk dəfə videoformatda pandemiyaya həsr olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) və Qoşulmama Hərəkatının konfransları təşkil olundu. Qoşulmama Hərəkatının sədri qismində BMT-yə COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təklif olundu və bu sessiya ötən ilin dekabrında baş tutdu. Məhz Azərbaycanın təklifi ilə 23 mart 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Ölkə başçımız İlham Əliyev pandemiya ilə bağlı beynəlxalq tədbirlərdəki çıxışlarında hər zaman qeyd edirdi ki, vaksinlərin paylanılmasında ədalətlilik gözlənilməli və kasıb ölkələrin də vaksindən yararlanmasına şərait yaradılmalıdır. Prezidentimizin aylar əvvəl qeyd etdiyi mövcud ola biləcək problemləri bu gün dünya yaşamaqdadır. Çox təəssüf ki, iqtisadi imkanları güclü inkişaf etmiş ölkələrdə vaksinləşmə gedir, hətta bəzi ölkələr öz tələbatından 3-4 dəfə artıq vaksin idxal etdiyi halda iqtisadi imkanları məhdud çoxlu ölkə bu vaksinasiyadan hələ də kənarda qalmaqdadır. Azərbaycan həm COVAX beynəlxalq təşəbbüsə qoşuldu, həm də yarana biləcək problemləri qabaqcadan gördüyü üçün birbaşa Çindən 4 milyon vaksin idxal edərək Avropa ölkələri ilə eyni vaxtda ölkə vətəndaşlarının peyvəndlənməsinə başladı. Qeyd edim ki, Azərbaycan peyvəndlənməyə MDB məkanında ilk başlayan ölkələrdəndir və düşünürəm ki, dünyada vaksinasiyanı ilk başa çatdıran ölkələr arasında olacaq”.

Millət vəkili əlavə edib ki, qlobal pandemiya dünya gündəmini dəyişən və ən çox narahat edən məsələ olduğundan ölkələrin COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin effektivliyi beynəlxalq təşkilatlar və ÜST tərəfindən müşahidə edilir:

“Beynəlxalq təşkilatlar və ÜST Azərbaycanı pandemiyaya qarşı mübarizəni effektiv və vaxtında təşkil etdiyinə görə dünyada nümunəvi ölkə olduğunu dəfələrlə qeyd edib. Təbii ki, dövlətimiz bu mübarizəni reytinq üçün etməyib. Dövlətimiz böyük iqtisadi itkilərlə qarşılaşmasına baxmayaraq, dövlət resurslarını pandemiyaya qarşı mübarizəyə cəlb etməsinin yeganə məqsədi insanların sağlamlığının qorunması olub. Nəticələr müsbətdir. Azərbaycan yoluxmaların və bu xəstəlikdən ölənlərin sayının ölkə əhalisinin sayına nisbətində dünyada ən yaxşı nəticələri əldə etmiş ölkələr sırasındadır. Düşünürəm ki, ölkəmiz aparılan vaksinasiya prosesini qısa bir zamanda başa çatdırmaqla pandemiyaya qalib gələn ölkələrdən olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər