“Azərbaycan koronavirusun törədə biləcəyi təhlükəni nəzarət altında saxlamağı bacardı”.
Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 pandemiyasını elan etməsindən 1 ildən çox vaxt keçir:
“Bu müddətdə inkişaf etmiş bəzi Avropa ölkələrinin pandemiyaya ciddi yanaşmadıqlarına şahid olduq. Bu ölkələrin sonradan hansı vəziyyətə düşməsi də göz önündə oldu. Belə ki, virusdan çox sayda insan həyatını itirdi, həmin dövlətlərin səhiyyə sistemləri çökdü. Amma Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən siyasət yürütdü, pandemiya elan olunan ilk gündən qabaqlayıcı qərarlar qəbul etdi. Ölkə başçısının göstərişilə dövlət xəstəxanalarının bir qismi koronaviruslu xəstələrin qəbulu üçün hazırlandı. Eyni zamanda bu xəstələrinin müalicəsi üçün Yeni Klinika tikilib fəaliyyətə başladı. Eləcə də bölgələrimiz də daxil olmaqla 10 ədəd modul tipli xəstəxana istifadəyə verildi. Bölgələrdə quraşdırılan modul tipli xəstəxanalar regionlarda virusa yoluxmuş vətəndaşların operativ şəkildə effektli müalicəyə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, ölkəyə çox saydı laboratoriyalar gətirildi. Bütün bu qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan koronavirusun törədə biləcəyi təhlükəni nəzarət altında saxlamağı bacardı”.
Millət vəkili hazırda ölkəmizdə gündəlik yoluxma sayı çox yüksək olduğunu da vurğulayıb:
“Artıq gündəlik 2 300-dən yuxarı yoluxma qeydə alınır. Buna baxmayaraq vəziyyətin nəzarət altında olduğunu deyə bilərik. Bu günədək ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ÜST tərəfindən dəstəklənib və yüksək qiymət verilib. Hətta bir çox ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmaq tövsiyə olunub. Bu dövlətlər ölkəmizin təcrübəsindən istifadə etməklə irəliləyişə nail ola biliblər”.
Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah təşəbbüslə çıxış edib:
“Belə ki, ölkəmiz ÜST-ə 10 milyon dollar yaxın ianə edib, 30-a yaxın kasıb ölkəyə yardım göndərib. Bu onu göstərir ki, Azərbaycan həmişə humanist ölkə olub.
Azərbaycan virusla mübarizə çərçivəsində Qafqazda vaksinasiyaya başlayan ilk dövlətdir. İnsanlar peyvənd vurdurmaq üçün könüllü olaraq poliklinikalara müraciət edirlər. Bu baxımdan deyə bilərəm ki, ölkəmizdə bu ilin yanvar ayının 18-dən start verilən vaksinasiya işləri çox uğurla davam etdirilir”.
Deputat təəssüflə qeyd edib ki, dünyada vaksinasiya ilə bağlı ikili standartlar var:
“Bir sıra böyük dövlətlər əhalisinin sayından dəfələrlə artıq peyvənd sifariş ediblər və pulunu da əvvəlcədən ödəyiblər. Amma yoxsul və az inkişaf etmiş ölkələrin əhalisi isə vaksin əldə edə bilməyiblər. Bununla da onlar dünya əhalisinin sağlamlığını təhlükə altına almış olurlar. Hər hansı bir dövlətin öz əhalisini tam peyvənd etməsi, pandemiyanın bitməsi demək deyil. Əgər bu epidemiya bütün dünyanı öz ağuşuna alırsa, deməli, vaksinasiya bütün dövlətlərdə paralel və uğurla aparılmalıdır.
Azərbaycan ilk vaxtlardan dünya dövlətlərinin ədalətli şəkildə vaksinlə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edir. Amma çox təəssüflər olsun ki, COVAX üzərinə düşən vədi yerinə yetirmədi, manipulyasiya etdi. Belə ki, adıçəkilən platforma vəd etdiyi vaxta Azərbaycanı vaksinlə təmin etmədi.
Baxmayaraq ki, COVAX-dan ölkəmizə vaksin daxil olmadı, amma ölkə başçısı öz işini əvvəlcədən ehtiyatlı tutmuşdu. Belə ki, Çin Xalq Respublikası ilə imzalanan müqavilə əsasında keyfiyyətli vaksinlər ölkəmizə gətirildi. Prezident İlham Əliyevin güclü və uzaqgörən siyasi xadim olması bu sahədə də özünü göstərdi. Prezidentimizin iradəsi və səyi nəticəsində Çinlə birbaşa əlaqə yaradıldı.
Bu gün Azərbaycan MDB dövlətləri arasında peyvənd olunmuş əhalinin sayına görə faiz nisbətində ilk yerdədir. Bu da Azərbaycan Prezidentinin və dövlətinin güclü olduğunun bariz bir nümunəsidir”.