Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində İctimai Şura Ermənistanın minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsini pisləyən bəyanat verib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan Azərbaycanın Qarabağ iqtisadi zonasının dağlıq hissəsini və onun ətrafında olan 7 inzibati ərazini 1990-1994-cü illərdə işğal etmiş, 800 000 nəfərə qədər azərbaycanlını və erməni olmayan digər xalqların nümayəndələrini həmin ərazilərdən deportasiya edib, mülki əhaliyə qarşı soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlər törədib. 30 ilə yaxın bir müddətdə Ermənistan işğal edilmiş ərazilərin bu dövlətin silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasızlıq göstərib, qətnamələrin tələblərini yerinə yetirməyib.
Ermənistan Respublikasının silahlı birləşmələri və işğal altında olan ərazilərdə yaradılmış qondarma idarəetmə qurumu 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərdə hərbi cinayətlərini davam etdirib, Azərbaycan xalqına məxsus olan bütün mədəni, dini, tarixi və hətta coğrafi abidələr tamamilə məhv edilib. 80-dən artıq məscid və kilsələr dağıdılmış, məscidlərdə donuz və mal-qara saxlanılıb. Təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycan əhalisi su mənbələrindən məhrum edilmiş, meşələr qırılmış, təbii sərvətlər talan olunub. İşğal altında olan ərazilərdəki bütün şəhər, kənd və qəsəbələr və infrastruktur tam dağıdılıb və sökülərək daşınıb.
Ermənistan işğalçı qüvvələrinin törətdiyi ən böyük hərbi cinayətlərdən biri də işğal altında olan ərazilərdə milyonlarla piyada və tank əleyhinə minaların yerləşdirilməsidir. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə istifadə etmədiyi bütün sahələr minalanıb.
Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq başlanmış və Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən Müharibəsindən sonra işğalın dəhşətləri daha qabarıq üzə çıxmaqdadır. Hazırda 10 000 kv. kilometrdən artıq ərazidə ciddi mina təhlükəsi vardır. 10 noyabr tarixindən keçən dövr ərazində ərazilərdə 100 nəfərə qədər insan mina qurbanı olmuş, onlardan 20 nəfərdən çoxu mina partlaması nəticəsində həyatlarını itirib. Həlak olanların və zərər çəkənlərin əksəriyyəti mülki insanlar, o cümlədən qadın və uşaqlardır.
Hazırda Azərbaycan dövləti ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir:". Bununla belə Ermənistan Respublikası beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozmaqla minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən qətiyyətlə imtina edir və bununla həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın şərtlərini pozmaqda davam edir. Ottava Konvensiyası da daxil olmaqla bütün beynəlxalq normalara etinasızlıq göstərən Ermənistan beləliklə Azərbaycana qarşı müharibəni minalar vasitəsi ilə davam etdirməkdədir. Üçtərəfli razılaşma əsasında erməni silahlı birləşmələrinə əraziləri tərk etmək üçün verilən vaxt və əlavə vaxt müddətində Ermənistan tərk edəcəyi ərazilərə xüsusi texniki vasitələrdən istifadə etməklə on minlərlə yeni minalar basdırmış və daha sonra böyük yanğın və dağıntılar törədərək əraziləri tərk edib.
Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən İctimai Şura üzvləri və ixtisaslaşmış QHT rəhbərləri olaraq 4 aprel Beynəlxalq Mina Təhlükəsiziliyi günü dünya ictimaiyyətinə, beynəlxalq insan hüquqlarını müdafiə edən təşkilatlara müraciət edərək Ermənistanın qeyri-humanist və beynəlxalq humanitar hüququn prinsiplərini pozan hərəkətini-minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsini pisləməyə çağırır, Ermənistanın bu hərəkətini insanlıq əlehinə növbəti cinayət kimi qiymətləndirməyə səsləyirik".