Esmira Orucova: “Şahbazla Dilqəmin xarici görünüşü buna bariz nümunədir”
Bu günlərdə Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin separatçı qurum tərəfindən “məhkəməsi” başlayıb. Xatırladaq ki, iyulun 11-də ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində Həsən Həsənov öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov isə girov götürülüb, onlara qarşı saxta cinayət işi açılıb.
Məsələyə münasibət bildirən “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova qeyd edib ki, əsir və girovların vəziyyətinin öyrənilməsini üzərinə götürən Beynəlxalq Qızıl Xaç Komitəsi öz işinin öhdəsindən gələ bilmir. Onun sözlərinə görə, bu günlərdə Dilqəm və Şahbazın internetdə yayılan şəkillərindən görmək olar ki, ermənilər onlara qarşı necə rəftar edirlər:
“Amma Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi onların girov götürüldüyü gündən bu günədək yaydığı şablon press-relizlərdə Dilqəmlə Şahbazın vəziyyətinin normal olduğunu qeyd edirdilər. Halbuki girov götürüldükləri vaxtda çəkilən şəkillərlə indiki arasında nə qədər fərqlər var. Bütövlükdə onların “məhkəmə”yə gətirilməsi prosesi heç bir beynəlxalq hüquqa uyğun deyil. Bu nəinki beynəlxalq hüquqa, həmçinin Cenevrə və əlaqəli konvensiyalara ziddir”.
E.Orucova bildirib ki, ermənilərin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı görüntüləri yaymaqda məqsədləri xalqımıza təzyiq göstərməkdir. Onun fikrincə, görüntülərdən də bəlli olur ki, hər iki azərbaycanlı girovlar işgəncə altında saxlanılır: “Halbuki, onlar öz Vətənlərinə gediblər, heç bir xarici ölkənin sərhədlərini pozmayıblar. Əsir və girovluqdan qayıtmış təşkilat üzvlərimizin dedikləri, yəni ermənilər tərəfindən işgəncələrə məruz qalmaları Dilqəm və Şahbazın simasında bir daha öz təsdiqini tapmış oldu. Bu, bir daha sübut edir ki, erməni tərəfi beynəlxalq hüquq normalarına, 12 avqust 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyasından irəli gələn heç bir müddəaya əməl etməyib. Şahbazla Dilqəmin xarici görünüşü bunun bariz nümunəsidir”.
Hüquq müdafiəçisi qondarma rejim tərəfindən keçirilən “məhkəmə”yə münasibət bildirərək qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Qulyevə milliyətcə erməni olan “vəkil”lər təyin edilib. E.Orucovanın sözlərinə görə, bu “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur: “Əgər hər hansı “cinayət” törətmiş olsaydılar belə, onlara başqa millətdən vəkillər tutulmalı idi. Bu mənə bir məsələni xatırladır. Belə ki, əsirlikdən qayıdan üzvlərimiz qeyd edirlər ki, əsirlikdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri onlarla görüşə erməni tərcüməçi ilə gəlirmişlər. Mənə elə gəlir ki, bu ssenari yenidən təkrarlanır. Bir məqamı da qeyd edim ki, Dilqəm Əsgərov Rusiya Federasiyasının vətəndaşıdır və onun pasportunun müddəti noyabrın sonlarına qədərdir. Düşünürəm ki, bu məsələyə Azərbaycandan daha çox Rusiya müdaxilə eləməlidir və öz vətəndaşının hüququnu rusiyalı vəkil müdafiə etməliydi. Ən əsası odur ki, bu “məhkəmə” tərəfindən veriləcək qərarın heç bir hüquqi əsası olmadığı üçün dünyada da tanınmayacaq”.
BƏXTİYAR