Kəlbəcər rayonunun Ağdaban kəndi strateji nöqteyi baxımından əhəmiyyətli bir yerdə yerləşir. Ermənilər Ağdabanı işğal etməklə Muravdağ yoluna nəzarəti ələ keçirmək istəyirdi. Eyni zamanda Ağdərə-Kəlbəcər yolu üstündə yerləşən Çərəkdar, Bağlıpəyə kəndi Ağdabanın işğalından sonra onların nəzarətinə keçirdi. Bununla bütün yüksəkliklər ermənilərin əlinə keçmiş olurdu. Bu baxımdan Ağdabanın işğalı ermənilər üçün şərt idi. 5 illik mühasirə dövründə Kəlbəcərə ermənilər hər zaman basqınlar etməklə orada yaşayan insanları təlatümdə saxladılar.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Kəlbəcərin Ağdaban kəndində törədilən həmin faciə ermənilərin məkirli niyyətlərindən biri olub:
“Ağdaban aşağı Qarabağ istiqamətində giriş qapısı hesab olunurdu. Bu kəndi işğal etməklə Kəlbəcərdə yaşayan əhaliyə çox ciddi psixoloji təsir göstərə biləcəklərini düşünürdülər. Ona görə də bu çirkin addımı atdılar. 1992-ci ilin aprel ayının 7-dən 8-ə gecə Ağdaban ermənilər tərəfindən işğal edildi. Amma buna baxmayaraq əhali yenidən geri qayıdaraq növbəti bir ildə orada yaşaya bildi. Ona görə də Kəlbəcər rayonunun Ağdaban kəndi iki dəfə işğala məruz qalıb. İşğal zamanı 130 evdən ibarət olan Ağdaban və Çayqoşan kəndləri görünməmiş dağıntılara, əhali misilsiz işgənclərə məruz qaldı. Erməni vandallığı burada özünün açıq şəkildə göstərdi. Xocalıdan sonra Azərbaycan xalqına qarşı edilmiş ən böyük soyqırımı burada həyata keçirildi. Burada dinc əhaliyə dəhşətli işgəncələr edildi. Yaşlı insanlar diri-diri oda atıldı. Ermənilər ot tayalarını yandırıb insanları onun içərisinə atıb, kənardan gülə-gülə bunu müşahidə edirdilər. Bunun canlı şahidləri qalıb. Hadisə zamanı kənddən çıxa bilməyib, orada qalıb hadisələri gözləri ilə görən insanlar var”.
Aqil Məmmədov bildirib ki, ermənilər tərəfindən Ağdabanda bütün evlər qarət edilib:
“Aşıq, ozan sənətində öz dəsti xətti ilə tanınan Misgil Abdal ocağının dəyərli nümayəndlərindən olan şair Ağdabanlı Qurban və onun oğlu Dədə Şəmşirin kəndi erməni vandalları tərəfindən dağıdılıb. Bu barbarlıq nəticəsində aşığın bütün əlyazmaları, ulu babasından qalan şeir külliyyatı də məhv edilib. Bu gün həmin acı xatirələr hələ də yaddaşlardadır. Bu cür erməni barbarlığını bütün dünyaya çatdırmaq lazımdır ki, ermənilərin əsl xislətini bir daha görsünlər. Gələcək nəsillər də bununla bağlı kifayət qədər tutarlı məlumatlara sahib olmalıdır”.
Millət vəkili əlavə edib ki, bu gün Ağdabanda və digər ərazilərimizdə şəhid olan azərbaycanlıların ruhu şaddır:
“Torpaqlarımız işğaldan azad edilib. Builki Ağdabanı anım günü başqa bir ab-havada qeyd olunur. Qalib bir dövlətin vətəndaşı olaraq bu tarixləri yada salırıq. 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə xalqımızı daha da ruhlandırıb. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, biz, o torpaqları geri qaytaracayıq. Cənab Prezident İlham Əliyevin Komandanlığı altında Azərbaycan xalqı -kəlbəcərlilər öz tarixi ata-baba ocaqlarına qovuşdu”.
Qeyd edək ki, 1992-ci il aprel ayının 8-də ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində soyqırımı törədilib. Nəticədə 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Yüzlərlə nəfər dinc sakinə müxtəlif növ işgəncələr verilib. 67 nəfər amansızlıqla qətlə yetirilib. 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.