5 May 2014 14:41
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsib Nəsibli: “Ruhanini gözdən salmağa heç ehtiyac da yoxdur”

“Ruhanini gözdən, nüfuzdan salmağa heç ehtiyac da yoxdur. Çünki o əməlləri ilə Azərbaycan türkünün yaxşı mənada gözünə girə, onların hörmətini qazana bilməyib. Bu mənada Ruhanini xüsusi olaraq qaralamağın da heç bir anlamı yoxdur. Çünki bu adam özündən əvvəlki prezidentlərin yolu ilə gedib. Fərqli olaraq heç bir əməli iş görməyib. Yəni, türklərin, ərəblərin, kürdlərin və fars olmayan digər xalqların problemlərinin həlli ilə bağlı heç bir iş görməyib. Buna müxalif, rəqib olan Ruhanini nə qədər qaralasalar da, problem olduğu kimi qalır. İranda qeyri-farsların problemləri sıfır nöqtəsindən hərəkət etməyib”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri, politoloq Nəsib Nəsibli deyib.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən bəzi güneyli fəalların iddiasına görə, İran hakimiyyətinə müxalif qüvvələr prezident Həsən Ruhaninin nüfuzunu qeyri-farsların, o cümlədən Azərbaycan türklərinin yanında aşağı salmaq üçün fəaliyyətə keçiblər. Onların qənaətinə görə, son vaxtlar milli fəalların həbslərinin artması da buna xidmət edir.

N.Nəsibli isə deyir ki, doğrudur, İran daxilində müxtəlif siyasi qruplar, cərəyanlar arasında mübarizə gedir. Ancaq o hesab edir ki, H.Ruhaninin gözdən salmağa heç ehtiyac da yoxdur: “1997-ci ildə liberal düşüncənin daşıyıcısı kimi təqdim edilən Məhəmməd Xatəmi barədə çox optimist fikirlər səsləndirilirdi. Hətta, onu “İranın “Qorbaçov”u adlandırırdılar. Ancaq Xatəmi hakimiyyətə gəldi, fars olmayan xalqların statusunda heç bir dəyişiklik baş vermədi.

Baxmayaraq ki, o, seçkiqabağı kampaniya dövründə Təbrizdə və qeyri-farsların yaşadığı dövrdə çıxışlarda milli azlıqların problemlərini qabardır, onları həll edəcəyini bildirirdi. İndi də Ruhani hakimiyyətə gəldi, daha doğrusu İran “dərin dövlət”i onu hakimiyyətə gətirdi. Seçki kampaniyası dövründə o da eyni taktikanı izlədi. O da İranda qeyri-farsların problemlərinin olmasını, İran Ana Yasasının milli azlıqlara ana dilində təhsil almaq hüququ verən 15-19-cu maddələrin nəhayət, gerçəkləşəcəyi barədə vədlər verdi.

Bəzi insanlar da buna inandılar. Amma ötən bir ilə yaxın dövr ərzində qeyri-farsların durumunda bir dəyişiklik olmadı. İran əhalisinin nisbi çoxluğuna malik olan türklərin durumunda bir dəyişiklik oldumu? Güneydəki milli fəallarımızın da, xaricdəki təşkilatlarımızın da birgə rəyinə görə heç bir dəyişiklik olmayıb. Ruhani vəd etdiyi güzəştləri yerinə yetirməyib, yaxud problemin həllinə yönəlmiş işlər görməyib. Hələlik, İran İslam Respublikası deyilən bu fars dövləti qeyri-farsların problemlərinin həllinə ehtiyac duymur. Hesab edirlər ki, əgər bu problemlərin həllinə başlanılsa, corab çözüləndə olduğu kimi problemlər ortaya çıxacaq və İran dağılacaq”.

Səxavət


Müəllif: Teleqraf.com