13 Aprel 2021 18:28
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Hərbi Qənimətlər Parkının açılması çox mühüm tarixi hadisədir. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni əbədiləşdirən Hərbi Qənimətlər Parkının açılışında hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan çox mühüm mesajlar səsləndirdi.

Bu fikirləri Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O qeyd edib ki, belə bir Parkın salınması Azərbaycanın hərb salnaməsində tarixi bir yerə malik olacaq: “Azərbaycan xalqı min illər keçsə də, əldə olunan bu qələbəni xatırlayacaq və bununla qürur duyacaq. Hərbi Qənimətlər Parkının yaradılması da məhz buna xidmət edib. Bu, Azərbaycan xalqı üçün qürur mənbəyi olaraq hər zaman qeyd olunacaq.

Parkın digər özəlliyi ondan ibarətdir ki, Ermənistan hər zaman uğradığı ağır məğlubiyyəti xatırlayacaq. Düçar olduğu sarsıntını hiss edəcək. Həm də bu, Ermənistana bir dərs olacaq ki, bundan sonra heç vaxt qonşu ölkələrin ərazilərinə iddia etməsin. Soyqırım cinayətlərinə əl atmasın.

Ermənistan düşünməlidir ki, onun işğalçılıq siyasətinin nəticəsi özünün ziyanınadır. Bədəli çox ağır olur. Bundan sonra hər hansı revanşist fikirlərə, xulyalara qapılmağa ehtiyac yoxdur. Cənab Ali Baş Komandanın Dəmir Yumruğu hər zaman revanşıstlərin üzərinə enə bilər. Bu məsələnin mənəvi-siyasi, ideoloji tərəfidir”.

Deputata görə, Parkın yaradılmasında digər məqam ondan ibarətdir ki, bura Ermənistanın törətdiyi hərbi cinayətləri sübüt edən önəmli fakt və dəlillər toplanıb: “Bunlardan birincisi Şuşaya atılan “İsgəndər M” raketinin qalıqlarıdir. Cənab Prezident halqı olaraq vurğuladı ki, Azərbaycanın şanlı əsgəri Şuşanı azad etdikdən sonra Ermənistan Azərbaycana qarşı belə bir hərbi cinayət törədib. “İsgəndər M” raketini Azərbaycana, Şuşa şəhərinə atan Ermənistan bir daha sübüt etdi ki, bu dövlətin cinayətkar təbiəti dəyişməz qalır.

Bu qondarma dövlət beynəlxalq hüququ hər zaman tapdalayıb. Bu dəfə də beynəlxalq hərbi cinayət törədərək, belə bir kütləvi qırğın raketindən Azərbaycana qarşı istifadə edib. Sözsüz ki, burada da müəyyən suallar yaranır ki, raket necə olub Ermənistanın əlinə düşüb? Bu suallara mütləq cavab verilməlidir. Cənab Prezident də ilk dəfə olaraq bu məsələni açıq və birmənalı şəkildə qaldırdı.

Bütün bunların hamısı gələcəkdə Hərbi Qənimətlər Parkını ziyarət edəcək qonaqlar, ziyarətçilər üçün də bir mesaj olacaq ki, Ermənistan hansı vəhşilikləri, çirkin əməllər sahibidir”.

Azay Quliyev hesab edir ki, bu, çox böyük siyasi-mənəvi hadisədir: “Hərbi Qənimətlər Parkının açılışında hərbiçilərlə görüş zamanı səslənən fikirlər də diqqəti cəlb edir. Cənab Prezidentin və zabitlərin çıxışında mühüm məqamlara toxunuldu. Cənab Prezident oradakı çıxışında bir neçə mesaj ünvanladı.

İlk mesaj ondan ibarət idi ki. Ermənistan uzun müddət Dağlıq Qarabağla bağlı iddiada olsa da sovet dövründə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olarkən bu iddianı dilə gətirməyə cəsarət etməyiblər. Bir neçə dəfə belə cəhd edilsə də ulu öndər o zaman SSRİ rəhbərliyində təmsil olunurdu deyə buna imkan verməyib. Ümummulli lider haqsız olaraq siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Mixail Qorbaçov tərəfindən bu proses başladı. Aqanekyanın Parisdəki məlum bədnam çıxışı, “Qarabağ Ermənistana birləşdirilməlidir" kimi sərsəm bəyanatlar ortaya çıxdı. Cənab Prezident bir daha bu məsələni gündəmə gətirməklə vurğuladı ki, Azərbaycan dövlətinin başında nə zaman ki, milli ruha, milli hissə, vətənə, dövlətə bağlı şəxslər olarsa, həmin vaxt Azərbaycan təhlükəsiz olur. Ölkəmizə düşmən əl uzada bilməz. Nə vaxt Azərbaycanın başında zəif hakimiyyət dayanır, o zaman ölkə parçalanma təhlükəsi ilə üzləşir. 1988-1993-cü ilə qədər olan dövrdə Azərbaycanda ulu öndər ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər ölkəmizdə 5 dəfə hakimiyyət çevrilişi oldu. Ölkənin 20 faizi ərazisi işğal altına düşdü. Eyni zamanda işğal üçün düşmənə münbit şərait yaradıldı. Bütün bunlar onu göstərdi ki, biz xalq olaraq tariximizi unutmamalıyıq.

Bundan sonra da daha diqqətli addımlar atılmalıdır ki, bir daha qanlı, arzuolunmaz tarix təkrarlamasın. Tarixi unutqanlığı bağışlamır”.

Millət vəkili bildirib ki, Vətən müharibəsində tarixi qələbənin əsas banisi Ali Baş Komandandır: “Onun həyata keçirdiyi siyasət, Ordu quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq uğurların təmin olunması, xarici siyasət, milli vətənpərvərlik ruhunun formalaşması əsas şərt kimi qəbul olundu. Azərbaycan naminə, torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda özünü fəda edən Azərbaycan gəncliyi formalaşdı. Bu gənclik, bu ordu Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımızı işğaldan qurtardı, şəhidlərimizin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını döyüş meydanında aldı.

Bu tarix unudulmaz bir tarixdir. İllər keçəcək, Azərbaycan xalqı, azərbaycanlı kimi qüruru duyan hər bir şəxs bu tarixlə fəxr duyacaq. Son 200 ildə torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza verdiyi böyüklüyü, sücayəti hər zaman xatırlayacaq. Azərbaycan xalqı böyük xalqdır, dövlətimiz güclüdür. Ordumuz hər cür vəzifəni yerinə yetirməyə qadirdir.

Hesab edirəm ki, Hərbi Qənimətlər Parkının açılışı Azərbaycanın möhtəşəm qələbəsinin, Ermənistanın isə acı məğlubiyyətinin simvollarından biridi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər