Siyavuş Novruzov: “Leyla Yunusun səhər həbsxanada çay içməməsindən artıq məlumatları var”
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
C.Psaki bununla bağlı sualı şərh etmək istəməyib: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Dövlət Departamentinin sözçüsünə cavab verib.
O Teleqraf.com-a açıqlamasında deyib ki, ABŞ Dövlət Departamentinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbəri olmasa da, Leyla Yunusun səhər həbsxanada çay içməməsindən mütləq məlumatı var: “Neçə aydır azərbaycanlılar öz doğma vətəninə, doğmalarının qəbirlərini ziyarət etmək üçün getdiyinə görə Ermənistan Xüsusi Xidmət orqanları tərəfindən həbs olunması, işgəncələr verilməsi barədə xəbərləri yoxdur, çünki onları bu, maraqlandırmır. Amma Leyla Yunusun səhər həbsxanada çay içməməsindən artıq məlumatları var, hətta dövlət başçısı səviyyəsində buna münasibət bildirilir. Bir QHT rəhbərinin Azərbaycanda hansı əməllə tutulmasını dərhal Dövlət Departamenti bilir. Elələri var ki, heç onların məsuliyyətə cəlb olunmasından 1 həftə keçməmiş Avropa Parlamenti onun haqqında qərar çıxarır. Bu, bir daha onu göstərir ki, bu adamları Azərbaycanı və dövlətçiliyini sevən, xalqımıza xidmət edən adamlar maraqlandırmır”.
Onun fikrincə, ABŞ Dövlət Departamentinə vətən xainləri, Azərbaycanı satanlar, onlara düzgün olmayan informasiya ötürənlər, onlarla əlbir olub müxtəlif ayrılan qrantları mənimsəyənlər daha çox maraqlıdır: “İkili standartlar olsaydı, dərd yarıydı. Artıq onlarınkı 5-6 standartdır”.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “məhkəmə prosesi” “keçirirlər”.
Nərgiz