“Radikal müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı “NİDA” təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib”.
Teleqraf.com-un məlumatına görə, bu barədə YAP-ın mətbuat xidməti məluamt yayıb.
Qeyd olunur ki, E.Mürsəlli YAP-ın Xaçmaz rayon təşkilatına ünvanlandığı müraciətdə “NİDA” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.
Keçmiş “NİDA”çı E.Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd edib.
Qeyd edək ki, keçmiş “NİDA”çı E.Mürsəlli prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında sərəncama əsasən azadlığa buraxılıb.
Səxavət