Teleqraf.com saytı aprelin 25-də ABŞ-ın nüfuzlu “The USA Tribune” onlayn xəbər agentliyində dərc olunan “Yeni Çernobıl: Metsamor Atom Elektrik Stansiyası” (“The New Chernobyl: Metsamor Nuclear Power Plant”) başlıqlı yazını təqdim edir.
Tarixin ən böyük texnogen fəlakətlərindən biri dövrün iki qlobal supergücündən biri olan Sovet İttifaqında 1986-cı ildə baş verdi. Çernobıl Atom Elektrik Stansiyasındakı qəza təxminən 40.000 nəfərin ölümü ilə nəticələndi, minlərlə insan əlil oldu, ölkə milyardlarla dollar maddi ziyanla üzləşdi. O vaxta qədər yer üzündə heç kim bir Atom Elektrik Stansiyasının bu qədər böyük fəlakət törədə biləcəyini xəyal belə etməzdi. Dünyada potensial bir qəzanın radiusu barədə fikir belə yox idi. Nüvə partlaşıyı hadisəsi təkcə Ukraynanı deyil, ətraf bölgələri, o cümlədən Türkiyəni, Qafqazı və Avropanı da təsirləndirdi.
Çernobıl Atom Elektrik Stansiyası qəzadan sonra, Aprel, 1986-cı il. "Associated Press"in fotosu
Ukraynanın keçmiş Ətraf Mühitin Mühafizəsi naziri Yuri Şerbak Çernobıl faciəsinin insan sağlamlığı və ətraf mühitə fəlakətli təsirini rəqəmlərlə belə izah etdi: qəzadan dərhal sonra 38 nəfər həyatını itirdi, sonrakı aylarda daha 6000 nəfər öldü. Növbəti bir neçə ildə ümumi ölüm sayı 40.000-ə çatdı. Minlərlə insan əlil oldu. Yüz minlərlə insana əsasən xərçəng xəstəliyi diaqnozu qoyuldu. Radioaktiv emissiyalar Ukrayna, Moldova, Belarus və Rusiya Federasiyası da daxil olmaqla, Türkiyədə və Şimali Avropada milyonlarla insana və heyvana təsir etdi. Fəlakətin iqtisadi dəyəri təxminən 352 milyard dollar olaraq ölçülüb.
Çernobıl fəlakəti nüvə enerjisindən istifadə edən əksər dövlətlər üçün ciddi dönüş nöqtəsi oldu. Onlar ya atom elektrik stansiyalarında istifadə olunan texnologiyaları yenilədilər, ya da bu obyektləri tamamilə bağladılar. Ancaq Türkiyənin köşəsində bir dövlət var və bu dövlət variantlardan heç birini seçməyib: bu, Ermənistandır.
Çernobıl AES-lə eyni texnologiyaya malik Metsamor Atom Elektrik Stansiyası bütün dünya, əsasən təcili olaraq bağlanması üçün səy göstərən Avropa İttifaqı tərəfindən bir saat mexanizmi kimi nəzərdən keçirilir. Türkiyə sərhədinə 16 kilometr məsafədə yerləşən Metsamor AES bütün bölgə və dünyaya təhlükə yaratmasına baxmayaraq, Ermənistan hökuməti tərəfindən hələ də istismar olunur.
BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) məlumatına görə, Metsamor AES birinin 15, digərinin 13 kritik nöqtəsi ilə dünyanın ən təhlükəli iki nüvə stansiyasından biridir. Metsamor WWER-440 reaktoru ilə işləyir. Bu, ən köhnə sovet texnologiyası ilə istehsal olunan su ilə soyudulmuş bir reaktor deməkdir. Müəssisə fəlakət riskindən əlavə bu soyutma sistemi səbəbindən ərazidəki yeraltı və yerüstü su mənbələri üçün də ekoloji təhlükə yaradır.
Bölgədəki seysmik aktivlik də Metsamor Atom Elektrik Stansiyasında riskləri artıran başqa bir amildir. Müəssisə, Ağrı dağı silsiləsində tez-tez təkanların şahidi olan birinci dərəcəli seysmik zonada yerləşir. Bu səbəbdən bu nüvə enerjisi stansiyasının istifadədən çıxarılması yalnız bölgə üçün deyil, həm də insanlıq üçün kritik əhəmiyyətə malikdir.
Bu məqalə də fərqli tərəflərin Ermənistanın Metsamor Atom Elektrik Stansiyasını yuxarıda göstərilən texniki səbəblərə əsasən bağlamasını istədiyini izah etmək məqsədi daşıyır.
Metsamor Nüvə Elektrik Stansiyasının bağlanması çağırışlarının yalnız nüvə enerjisinə qarşı çıxmaq və ya Ermənistana qarşı bir mübahisəni müdafiə etməklə əlaqəli olmadığı qəbul edilməlidir. Əksinə, AES əlverişsiz yaşayış şərtləri səbəbiylə sayı 2 milyona enmiş erməni əhalisi üçün də böyük təhlükə yaradır və bu tələblər yalnız ətraf mühit riskləri və regional və qlobal təhlükəsizlik narahatlıqlarına əsaslanır.
Atom Elektrik Stansiyası nədir?
Atom elektrik stansiyaları urandan xammal kimi istifadə edir. Radioaktiv atomların bölünməsindən əmələ gələn istilik su buxarı yaratmaq üçün istifadə olunur, daha sonra elektrik enerjisi istehsal edən turbinləri fırlatmaq üçün istifadə olunur. Atom elektrik stansiyaları ilk dəfə 1960-cı illərin əvvəllərində bir sıra ölkələrin elektrik enerjisi istehsal etmək üçün nüvə texnologiyasından istifadə etməsinə səbəb olan qlobal neft böhranından sonra inşa edilib.
Ən köhnə texnologiya
Müəssisənin yerləşdiyi rayona istinad edərək əvvəlcə Oktembryan adlandırılan Metsamor AES məlum olan ən qədim atom elektrik stansiyaları texnologiyası ilə inşa edilib. Müəssisə barədə türk və beynəlxalq mediada “Metzamor”, “Medzamor” və “Medsamor” da daxil olmaqla müxtəlif adlarla bəhs olunur, lakin düzgün adı “Metsamor”dur.
Rus texnologiyasının birinci nəsli ilə inşa edilən müəssisə iki bölmədən ibarətdir: Metsamor-1 və Metsamor-2. WWER (Təzyiqli Su ilə Soyudulan Reaktor) 440 V270 reaktoru olan Metsamor-1 aqreqatının gücü 240 MVt-dır. Bölmənin inşasına 1973-cü ildə başlanılıb və 28 dekabr 1976-cı ildə istismara verilib. Metsamor-2 aqreqatı, həmçinin, WWER 440 V270 reaktoru 400 MVt gücündədir. İkinci blokun inşasına 1975-ci ildə başlanılıb və blok 31 dekabr 1979-cu ildə elektrik enerjisi istehsalına başlayıb. Turbin növü ‘K-220-44/3000-dir. Reaktorun hündürlüyü 11,8 m, xarici diametri 4,27 metr, daxili diametri 3,56 metrdir. Reaktorlar ildə 14 tona qədər uran istifadə edir və hər reaktorun çəkisi 201 tondur.
Reaktorların istilik enerjisi istehsal gücü 1375 MVt, elektrik enerjisi istehsal gücü isə 440 MVt-dır. Bununla birlikdə, stansiya ildə təxminən 320-340 MVt elektrik enerjisi istehsal edir.
Bu gün Metsamor Atom Elektrik Stansiyası elektrik enerjisinin bir hissəsini İran və Gürcüstana ixrac edən Ermənistanın ümumi elektrik enerjisinə olan tələbatının 40%-ni təmin edir.
Metsamor Atom Elektrik Stansiyası bir çox ölkə tərəfindən imtina edilmiş ən qədim texnologiya olan “WWER” (Təzyiqli Su ilə Soyudulan Reaktor) istifadə etdiyi üçün bu obyekt qəzalara qarşı həssasdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) “Metsamor”u dünyanın ən təhlükəli elektrik stansiyaları sırasına daxil edib.
Bu WWER 440/V270 elektrik stansiyası Bolqarıstandakı Kozloduy Atom Elektrik Stansiyası ilə eyni tipdə inşa edilib. Və yalnız Rixter şkalası ilə 8 bal gücündə zəlzələlərə müqavimət göstərmək üçün nəzərdə tutulub. Lakin “Metsamor”un yerləşdiyi ərazi 9 bal gücündə zəlzələ potensialına malikdir.
Metsamorda baş vermiş qəzalar...
Metsamor AES istifadəyə verildikdən sonra burada 5 böyük və 150-dən çox kiçik hadisə daxil olmaqla bir çox qəza baş verib. Bu qəzalardan birincisi 1982-ci ildə, birinci blokda generatorun partlaması və əlaqə kabellərinin yanması ilə baş verib. Qəza zamanı böyük bir risk aradan qaldırıldı, çünki zavodun təhlükəsizlik sistemləri tamamilə söndürülmüşdü.
“Metsamor” kiçik qəzalar səbəbindən dəfələrlə bağlanmalı oldu. Zavod 2003-cü ilin əvvəlində istismardan çıxarıldı, lakin 407 MVt gücündə olan Metsamor-2 bloku həmin ilin aprelində yenidən işlək vəziyyətə gətirildikdən sonra yenidən istifadəyə verildi. Ancaq 2004-cü ilin yayında başqa bir kiçik hadisəyə görə zavod bir neçə ay fəaliyyətini dayandırılmalı oldu. Müəssisə bu hadisədən 4 ay sonra açıldıqda böyük ictimai qınaq müşahidə edildi.
Ermənistan Avropa Şurasına üzv olduqda 2004-cü ilə qədər “Metsamor”un istifadədən çıxarılmasına dair söz verdi. Lakin bu söz yerinə yetirilmədi və Ermənistan hələ də “Metsamor” Atom Elektrik Stansiyasından fəal şəkildə istifadə edir. İrəvanda Avropa İttifaqı parlament nümayəndə heyəti ilə görüşərkən Ermənistan parlamentinin keçmiş sədri Ovannes Ovannisyan Ermənistanın Avropa İttifaqına verdiyi vədə baxmayaraq stansiyanı sıradan çıxarmaq məcburiyyətində olmadığını söylədi. Ovannisyan “müəyyən şərtlər daxilində bir bağlanma ola biləcəyinə” də diqqət çəkdi. Ovannisyana görə, Aİ əvvəlcə Ermənistanla İran arasında inşası davam edən qaz kəmərini dəstəkləməli idi. Digər şərt Azərbaycan və Türkiyənin Ermənistana qarşı tətbiq olunan embarqosuna son qoymasını və sərhədləri açmasını təmin etmək idi. Başqa sözlə, Ermənistan “Metsamor”dan şantaj üçün istifadə edir və elektrik stansiyası ilə əlaqəli olmayan iddialar irəli sürür.
Bütün dünya Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasını bağlamasını gözlədiyi halda Ermənistanın gündəmində yeni bir atom elektrik stansiyasının yaradılması var. Ermənistan Baş naziri yanında Enerji Tənzimləmə Komissiyası hazırda yeni bir nüvə elektrik stansiyası inşa etmək üçün məsləhətləşmə prosesi keçirir. Komissiyanın qənaətincə, Rusiya texnologiyasından istifadə ediləcəyi təqdirdə yeni bir atom elektrik stansiyası 600-700 milyon dollara başa gələcək. Zavod Qərb texnologiyası ilə inşa edilərsə, xərclər 1 milyard dollardan çox olacaqdır.
Ermənistanın keçmiş energetika naziri Qaqik Martirosyana istinadən verilən məlumata görə, yeni nüvə elektrik stansiyası Türkiyə sərhədinə yaxın və seysmik zonada yerləşən “Metsamor” AES yaxınlığında inşa ediləcək.
“Metsamor” Atom Elektrik Stansiyası bir müddət istismardan çıxarıldıqdan sonra yenidən açılan dünyada ilk nüvə elektrik stansiyası oldu. Bu, stansiyanın davamlılığı ilə bağlı suallara səbəb olur.
Erməni yazıçı Tiqranyan bildirir ki, Qafqazda zəngin neft və qaz ehtiyatlarına baxmayaraq, Ermənistanda bütün bölgə üçün böyük təhlükə yaradan nüvə stansiyasının niyə tikildiyini indiyə qədər heç kim başa düşə bilmir.
Seysmik regionda Atom Elektrik Stansiyası
Elektrik stansiyasının fəaliyyəti 1988-ci ildə Ermənistanın Spitak bölgəsində 25.000 insanın ölümü ilə nəticələnən zəlzələdən sonra dayandırıldı. Müəssisə daha bir zəlzələdən xilas ola bilməyəcəyi üçün Ermənistan və digər bölgə ölkələri, o cümlədən Türkiyə üçün riskə çevrilsə də, ikinci blok 1996-cı ildə istifadəyə verildi.
Spitak şəhəri zəlzələdən sonra
“Metsamor” AES-in inşası zamanı sovet alimləri, repressiv rejimə baxmayaraq tektonik xəttdə yerləşdiyinə görə layihəyə qarşı çıxdılar. Eyni zamanda onlar yeraltı su mənbələrinə radioaktiv sızma riskini vurğuladılar. Ancaq insan həyatının dəyəri nəzərə alınmadan mərkəzi planlaşdırmaya əsaslanan sovet bürokratiyası bu alimlərə göz yumdu və layihəni davam etdirdi. Elektrik stansiyası tikintisinin ən qədim metodlarından istifadə edilib. “Metsamor” AES də birinci dərəcəli seysmik zonada yerləşdiyindən risk yaradır: Ermənistan 1988-ci ildə minlərlə insanın ölümü ilə nəticələnən böyük zəlzələ gördü və “Metsamor” elektrik stansiyası xeyli ziyan üzündən istismardan çıxarıldı. Bununla belə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə başlayan Azərbaycanla müharibədən sonra hökumət yoxsulluq və enerjiyə olan tələbatın artması səbəbindən müəssisəni yenidən açmalı oldu. Beləliklə, bütün bölgə üçün fəlakət riski yaradan “Metsamor” Atom Elektrik Stansiyası bütövlükdə 1995-ci ildə istifadəyə verildi.
(Ardı var)