27 Aprel 2021 18:36
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında bir sıra vacib məsələlərə toxunub. Qlobal pandemiya dövründə qarşıya qoyulan məsələlərdən, ölkələrin sərgilədiyi mövqedən regional və beynəlxalq arenada baş verən proseslərdən bəhs edib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.

O bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi baxımdan öndə gedən ölkələrdəndir: :

“COVID-19 pandemiyası ilə mübarizədə dövlətin bütün potensialı səfərbər olunub. Eyni zamanda qlobal pandemiya dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilib. Bütün bunlar ölkədə vətəndaş amilinə, insanların sağlamlığı ilə bərabər onların sosial-iqtisadi durumuna ciddi dəstək kimi xarakterizə olunur”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur:

“Ölkəmizdə vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunub. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub. Ölkəmizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Məhz dövlət başçısı tərəfindən Sessiyada vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsünün qlobal təhdid yaradan tendensiya olduğu vurğulanıb. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünün narahatlığı ifadə olunub. Diqqətə çatdırılıb ki, dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu da sözsüz ki, bölgüdə qeyri-bərabər yanaşmalara gətirib çıxarır”.

İlham Məmmədov əlavə edib ki, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir:

“Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər