Məlum olduğu kimi, bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətə münasibət bildirib.
Deputat deyir ki, hələlik heç bir ölkədə, eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur: “Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunmuşdu. Amma qeyri-iş günlərindən sonra ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik.
Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.
Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.