6 May 2021 14:07
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun hərbi təlimlərində İsraildə istehsal edilmiş silahlar tətbiq olunur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoçarxda Rusiyada istehsal edilmiş döyüş helikopterində quraşdırılmış “Tamuz” raketini görmək olar.

Teleqraf.com xəbər verir ki, Şmuel Din Elmasın İsraildə çıxan nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib.

Məqalənin müəllifi qeyd edir ki, Azərbaycanda İsrail silahından istifadə edilməsi və bu silahın rəsmi Bakı üçün böyük əhəmiyyət kəsb etməsi artıq sirr deyil. Şmuel Din Elmas vurğulayır: “İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq uğurları İsrail texnologiyalarının, o cümlədən “Harop” pilotsuz uçuş aparatlarının, bərk yanacaqla işləyən “Lora” ballistik operativ-taktiki raket kompleksinin, tank əleyhinə “Spike” raket kompleksinin, xüsusən “Spike-NLOS” raketlərinin yüksək keyfiyyətini nümayiş etdirdi”.

Müəllif qeyd edir ki, indi Türkiyədə istehsal edilən “Bayraqdar” PUA-lara həsr edilmiş sənədli kadrlar əsasında Rusiya istehsalı olan döyüş helikopterində İsrailin “Tamuz” raketinin quraşdırılması barədə təsəvvür yaranır.

Şmuel Din Elmas vurğulayır ki, stasionar vəziyyətdən, qırıcı təyyarə, avtomobil, zirehli döyüş maşını və gəmi üzərində quraşdırılmış “Tamuz” raketi 25-30 kilometr məsafədə yerləşən tanklara qarşı səmərəli vasitədir. Müqayisə üçün qeyd edək ki, başqa seriyalı raketlərin təsir məsafəsi 1,5 kilometrdən “Spike-SR” raketləri üçün 10 kilometrə, “Spike-ER II” raketləri üçün 16 kilometrə qədərdir.

Sənədli kadrlardan aşkar görünür ki, İsrail istehsalı olan “Tamuz” raketlərindən istifadə edildikdə “Bayraqdar” PUA və döyüş helikopterləri arasında qarşılıqlı fəaliyyət LOAL (raket buraxıldıqdan sonra onu bloklamaq imkanı) rejimində həyata keçirilir. Bu o deməkdir ki, “Tamuz” raketi buraxılandan sonra onun uzaq məsafədə yerləşən hədəfini dəyişmək olar. Bu halda PUA-ya yeni hədəfin koordinatlarının verilməsi kifayətdir.

İsrail-Azərbaycan tərəfdaşlığı üzrə ekspert Arye Qut “İsrael HaYom” nəşrində yazır: “Bakı üçün əsas silah tədarükçüləri İsrail, Rusiya, Belarus və Türkiyədir. İsrail ilə Azərbaycan arasında tərəfdaşlıq etibarlı və hər iki tərəf üçün sərfəlidir. Bu gün İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirmişdi ki, iki ölkə arasında hərbi sazişlərin həcmi 5 milyard dollardır.

Regional miqyasda bu çox böyük məbləğdir. Buraya İsraildə istehsal edilmiş kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlər daxildir. Bu silahların real müharibə şəraitində tanklara və təyyarələrə, radar qurğularına və elektron silahlara qarşı effektivliyi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun erməni işğalçıları üzərində parlaq qələbəsi ilə bir daha təsdiqləndi”.


Müəllif: Səxavət Həmid