8 May 2021 15:55
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan dövlətinin qurucusu və memarı, qüdrətli Azərbaycan Ordusunun yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qarabağ zəfərinin əldə olunmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırmışdır.
Xüsusi qeyd edilmişdir ki, Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olmuşdur.

Azərbaycanın, xüsusən də Qarabağ bölgəsinin inkişafını daim diqqət mərkəzində saxlayan Ulu Öndərin həmin dövrdə və SSRİ kimi fövqəlgücə malik bir dövlətin rəhbərliyində çalışdığı dönəmdə erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinin qarşısının qətiyyətlə alınması qeyd edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin İttifaqda günü-gündən artan nüfuzunu həzm edə bilməyən və onun fəaliyyətinə qısqanclıqla yanaşan ermənipərəst dairələrin təsiri altında olan Sovet rəhbərliyinin antimilli hərəkətlərinə etiraz olaraq Ulu Öndərin vəzifəsindən istefa verməsi regionda siyasi qüvvələr nisbətinin surətlə dəyişməsinə, xalqımızın ağır və məhrumiyyətli günlərlə, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qalmasına şərait yaratmış, son nəticədə erməni separatçıları tərəfindən əzəli torpaqlarımızın işğalına səbəb olmuşdur.
Bildirilmişdir ki, 1993-cü ilin yayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan dahi öndər böyük siyasi uzaqgörənliyi, nadir dövlətçilik zəkası ilə möhtəşəm Zəfərə aparan yolun təməlini qoymağa müvəffəq olmuşdur.

Dahi sərkərdə Heydər Əliyevin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılması, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yorulmaz fəaliyyəti nəticəsində mötəbər beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair qəbul etdikləri qərar və qətnamələri hərbi-siyasi qələbəmizi şərtləndirən ən vacib amillərdən olması xüsusi vurğulanmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyevin öz xalqına ən böyük xidməti ölkənin davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu özündən sonra yüksək peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirmiş, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olmuşdur.

Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə çatdırılmışdır.

Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizi böhrandan tərəqqiyə aparan yolun təməlini qoymaqla ərazi bütövlüyünün bərpası istiqamətində döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafında misilsiz xidmətlərini qeyd etmişdir. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilmiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilən tədbirlərlə əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilmişdir.

Tədbirə yekun vuran Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin həyata keçirilməsinə istiqamətləndirəcəyinə əminliyini bildirmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər