Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib.
Teleqraf.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.
Londonun “Roayl Garden” otelinin tədbirlər zalında keçirilən ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Tədbiri açan Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri Lord German qurumun fəaliyyəti, cari il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən hər kəsə minnətdarlığını bildirən Lord German həmsədri olduğu Cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağını qeyd edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olmaqdan şərəf duyduğunu bildirən Lord German, Nərgiz xanımla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin unudulmaz olduğunu bildirən N.Paşayeva yeni həmsədr Lord Germanın da səylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib.
Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur mənbəyi olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ən yaxşı göstərici olan zaman hər iki ölkə vətəndaşlarının inamının qazanıla biləcəyini sübut edib.
Azərbaycan və Britaniyanın gözəl ölkələr olduğunu diqqətə çatdıran professor, bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin insanlar olduğunu vurğulayıb. Belə insanlar gələcəyimizin zəmanətidir. Son iyirmi il ərzində xalqlarımızın bir-birilərini kifayət qədər tanıdıqlarını diqqətə çatdıran həmsədr, daha çox tanımağın və öyrənməyin əhəmiyyətini vurğulayıb. Nərgiz Paşayeva deyib: “Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri yeni mərhələyə daşıyacağından əminəm”.
Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
Qeyd edilib ki, son iyirmi il ərzində Azərbaycandan 5 minə yaxın tələbə Britaniyada təhsil alıb. Bu, Azərbaycan ilə Birləşmiş Krallıq arasında vətəndaş cəmiyyətlərinin yaxınlaşmasında böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı vətəndaş cəmiyyətlərinin bir-birilərinə yaxınlaşması İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədlərindəndir.
Tarixə nəzər salan professor Azərbaycanın ən böyük nailiyyətinin onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz Paşayeva bildirib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və iki ölkə arasında İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir”. Professor xalqlarımız arasındakı oxşarlıqlardan bəhs edərək, hər iki xalqın dostluğu, səmimiyyəti və yumoru sevdiyini bildirib.
Çıxışının sonunda Nərgiz Paşayeva Azərbaycan dilini öyrənməyə həvəsi olan Cəmiyyətin həmsədri Lord Germana ölkəmizin tarixi və memarlığından bəhs edən “Azərbaycanın sehrli abidələri” adlı kitab hədiyyə edib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell təmsil etdiyi şirkətin fəaliyyəti, uğurları və gələcək planları haqqında məlumat verib, bp-nin Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafını dəstəklədiyini bildirib.
Azərbaycanın İngiltərədəki səfiri Tahir Tağızadə Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edib, Birləşmiş Krallığın Azərbaycanın hərtərəfli inkişafını dəstəklədiyini diqqətə çatdırıb.
T.Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Diplomat səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripka ustası Nəzrin Rəşidova və pianoçu Murad Adıgözəlzadə Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən parçalar ifa ediblər.