18 May 2021 09:05
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Düşmən Azərbaycanın gücü qarşısında kapitulyasiya aktına imza atmalı oldu. Bu tarixi qələbə Azərbaycanın Dəmir yumruq kimi birliyinin nəticəsində baş verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, alınmaz qala sayılan Laçının erməni işğalına düşməsinin bir sıra səbəbləri var idi:

“Laçının o dövr üçün işğalı acı bir tarixdir. Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Laçınlılar sona qədər öz torpaqlarını qorudular. Amma ölkədə siyasi hakimiyyət boşluğu, vahid gücün olmaması ermənilərin torpaqlarımızın işğalına şərait yaratdı. Yenicə müstəqillik qazanmış Azərbaycanda o dövr üçün böyük hərci-mərclik, özbaşnalıq hökm sürürdü. Ölkədə vahid komandanlıq mövcud deyildi. Dövlət müstəqilliyi faktiki olaraq kağız üzərində idi. Ölkədə siyasi böhran dərinləşmişdi. Ayrı-ayrı dəstələr öz maraqlarını diktə edirdi. Bütün bunların fonunda ölkənin təhlükəsizliyi unudulmuşdu”.

Elman Məmmədov qeyd edib ki, o dövr Laçın, Şuşa uğrunda döyüşməli olan hərbçilər Bakıya gətirilmişdi:

“Məqsəd hakimiyyəti ələ keçirmək idi. O dövr hakimiyyətdə olanlar öz əllərini isitmək üçün bütöv Azərbaycanı alovlandırırdı. Laçın uğrunda döyüşlər getdiyi vaxtda Bakıda siyasi hakimiyyət davası idi. Səriştəsizlər bu cür iddialarla düşmənə fürsət verdilər”.

Millət vəkilinə görə, laçınlılar sona qədər öz doğma torpaqlarını müdafiə etdilər: “Laçın camaatı böyük qəhrəmanlıq göstərdi. Soltan bəyi xatırlamaq bəs edər ki, laçınlıların qəhrəmanlığı yada düşsün. Çünki laçınlılar torpaq uğrunda öz canlarından keçdilər. Sadəcə bu birliyi təmin edəcək siyasi iradə, qətiyyət mövcud deyildi. Bunun nəticəsində Laçın erməni işğalı altına düşdü. Amma bu gün Laçın azaddır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı öz qalibiyətini yaşayır. Laçının işğal tarixini yada salsaq da, onun azad olunması və məğrur dövlət, xalq ruhunu yüksək qürurla qeyd edirik. Bu bizim tariximizdir. Bu tarixləri də heç vaxt unutmamalıyıq. İnşallah ki, laçınlılar da tezliklə öz yurd yuvalarında işğal və azadlıq gününü qeyd edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər