Kütləvi yürüş olmadıqda və ya vətəndaş təkdirsə, sosial məsafəni qorumaq şərtilə tibbi maskalardan açıq havada istifadə məcburiyyəti ləğv olunmalıdır. Həmçinin müəyyən məhdudiyyətlər tətbiq etməklə, toy və yas mərasimlərinin keçirilməsinə də icazə verilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, mütəxəssislərin də rəylərini nəzərə alaraq, deyə bilərik ki, açıq havada maskadan istifadənin faydasından çox zərərləri var:
"Ötən illə müqayisə etsək, görərik ki, yanvar ayından etibarən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir. Bu sahədə irəliləyişlər müşahidə edilir. Həmçinin müəyyən dərəcədə təcrübəmiz də var. Xatırlayırsızsa, ötən il virusun hansı yolla yayıldığı, təhlükənin daha çox haradan qaynaqlandığı və s. primitiv məsələlər belə məlum deyildi. Yəni indi vətəndaşlar nisbətən daha çox maariflənib. Beləliklə, iyunun 1-dən başlayaraq gücləndirilmiş karantin rejimi başa çatır. Karantin müddətinin uzadılıb-uzadılmayacağı isə, təbii ki, Operativ Qərargah tərəfindən müəyyən ediləcək. Lakin kütləvi yürüş olmadıqda və ya vətəndaş təkdirsə, sosial məsafəni qorumaq şərtilə tibbi maskalardan açıq havada istifadə məcburiyyəti, fikrimcə, qaldırıla bilər. Çünki faktiki olaraq, maska taxıldığı halda açıq havada hərəkət etmək mümkün deyil. Bu, bir sıra fəsadlar yaradır. Düşünürəm ki, bu məsələyə mütləq baxılmalıdır və Milli Məclisin növbəti iclaslarının birində məsələ gündəmə gətiriləcək".
Naqif Həmzəyevin sözlərinə görə, toyların keçirilməsinə qoyulan məhdudiyyətlər sosial problemlərə səbəb olur:
"Paralel olaraq, xarici ölkələrdə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təcrübə var. Azərbaycanda da toy və yas mərasimlərinin keçirilməsi üçün müəyyən qaydalar tətbiq edilməli, mütləq say məhdudiyyəti qoyulmalıdır. Restoranlarda vətəndaşların sosial məsafəni qoruyub əyləşə bildikləri kimi toylarda da eyni qayda tətbiq edilə bilər. Hesab edirəm ki, bu məsələ də qısa zamanda həllini tapacaq. Çünki 1 ildən çox müddətdir ki, toyların keçirilməsinə qadağa qoyulması sosial problemlərin yaranmasına səbəb olub. Nişanlı cütlüklər ailə qurmaqdan imtina edirlər, kreditlə cehiz alan valideynlər toy edib krediti bağlamaq istədikləri halda bunu edə bilmirlər və nəticədə problemli kreditlər yaranır və s. Bir sözlə, müəyyən məhdudiyyətlər tətbiq etməklə, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməlidir".