5 May 2014 16:34
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Elmira Axundova maraqlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki, Milli Məclisin fəaliyyətini daha geniş şəkildə cəmiyyətə çatdırmaq üçün parlamentin özünün televiziya kanalı olmalıdır. Deputat buna misal olaraq Türkiyə Böyük Millət Məclisinin öz kanalının olduğunu göstərib.

Bildirib ki, Azərbaycan parlamentinin özünün televiziya kanalının olması və Milli Məclisdə gedən müzakirələr haqda cəmiyyətə daha əhatəli informasiya verməsi bu qurumun həm nüfuzunu artırar, həm də insanlar seçdikləri deputatın nə ilə məşğul olduğunu görərlər.

Ekspert: “Dövlət büdcəsini belə şeylərlə yükləmək olmaz”

Media eksperti Zeynal Məmmədli hesab edir ki, son zamanlar Milli Məclisin özünün televiziya kanalının olması, eləcə də, ayrıca uşaq kanalının yaradılması haqda çoxlu fikirlər səsləndirilir. Onun sözlərinə görə, az qala hər böyük təşkilatın özünün kanalı olmasına qədər təkliflər verilir:
“Hesab edirəm ki, dövlət büdcəsini belə şeylərlə yükləmək olmaz. Amma digər tərəfdən, Milli Məclislə bağlı daha çox bilgiyə ehtiyac var. Ancaq bunun üçün dövlət büdcəsindən maliyyələşən televiziya kanalları da var. Azərbaycan Televiziyası və İctimai Televiziya bilavasitə dövlət büdcəsindən maliyyələşir. Ən azı İctimai Televiziya parlament televiziyası rolunu da oynaya bilər.
Başqa sözlə, İctimai Televiziya həm iki kanallı ola bilər, həm də kanalın içində ardıcıl olaraq Milli Məclisin fəaliyyəti geniş işıqlandırıla bilər. Amma indi biz bunu görmürük. Nəzərə almaq lazımdır ki, kanal yaratmaq elə də asan məsələ deyil. Əvvəla, bunun üçün konsepsiya lazımdır. Ən azından bu kanalın digər kanallarla fərqi bilinməlidir. Bu kanal canlı yayımlar verəcəkmi, komitələrin iclası haqqında hansı proqramlar hazırlayacaq? Yox, əgər orada söhbət translyasiya tipli verilişlər olacaqsa, bu Türkiyənin üçüncü kanalı tipində ola bilər. Şəxsən hesab edirəm ki, translyasiya üçün ayrıca kanal yaratmağa dəyməz. Çünki bu rolu İctimai Televiziya həyata keçirə bilər. Nəticədə həm büdcə gücə düşməz, həm də əldəki mövcud resurslardan istifadə ediləcək. Mənim bir vətəndaş kimi bu təklifə münasibətim müsbət deyil”.

Deputat: “Bizə gələndə üzünü çevirirlər”

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Milli Məclisin öz televiziyası olmalıdır. Onun sözlərinə görə, sessiya vaxtı iclaslar canlı yayımlanmalıdır, amma sessiyalararası bu kanalın necə fəaliyyət quracağı sualı da yaranır:
“Bəlkə də indiki televiziyaları, onların kadr potensialını nəzərə alanda bu yerin necə dolandırılacağını təsəvvür etmək asan deyil. Mən bu mənada televiziya kanalının olacağını optimal hesab etmirəm. TRT 3-də parlamentin bütün iclasları verilir, sonrakı vaxtlar isə ayrı verilişlər yayımlanır. Bu ayrı məsələdir. 1990-cı illərdə Milli Məclisin iclasları TV-lərdə daha geniş verilirdi. Amma indi parlamentin fəaliyyəti haqqında azı yarım saatlıq proqram yoxdur və müzakirə edilən məsələlərin mahiyyəti də seçicilərə deyilmir. Çıxışım bir yana, məni kanallarda belə göstərmirlər. Bəzən mənə sual edirlər ki, siz niyə parlamentə getmirsiniz? Halbuki Milli Məclisə intizamlı gedən deputatlar içərisində mənim kimisini tapmaq elə də asan məsələ deyil. Ancaq televiziya bizə tərəf gələndə üzünü çevirir. Bu cəhətdən televiziya kanallarımız obyektiv olmalıdır. Cəmiyyətimizin hüquq mədəniyyətinin yüksəlməsini istəyiriksə, onda qanun layihələrinin müzakirəsinə geniş vaxt vermək lazımdır. Amma televiziyalar da qəzetlər kimi cari məsələləri verir, qanunların müzakirəsi isə bir kənarda qalır. Xalqı qanunların müzakirəsi daha çox maraqlandırır. Odur ki, mən parlamentin sessiyalarının daha geniş işıqlandırılmasını vacib sayıram. Hesab edirəm ki, sessiyalar olanda bunu 2 saat müddətində kanalda vermək olar”.

Nemət


Müəllif: Teleqraf.com