“Rəqəmlər üzərində dayanmayacağam. Bu barədə komitə sədri Tahir Mirkişili və Maliyyə naziri Samir Şərifov əhatəli danışdı. Ancaq hamı kimi bizi də pandemiya qəfil yaxladı. Heç bir təcrübə də yox idi. Hər bir ölkənin gücü yaranan situasiya düzgün qiymət verməkdən və vəziyyətdən nə cür çıxmaqla bağlı oldu”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, Azərbaycan Prezidenti dərhal Operativ Qərargah yaradıb, bura dövlət qurumları daxil edilib: “Baş nazir Əli Əsədov daxil olmaqla bu qurumda təmsil olunan komanda çevik işlədi. Ölkəmizdə xoşagəlməz situasiya yaranmadı. Bu baxımdan 2020-ci ilin dövlət büdcəsi qarşısında qoyulan vəzifələr uğurla yerinə yetirildi. Bir sözlə, yaranan vəziyyətdə Azərbaycan dövləti lüzumsuz maliyyə axınlarına da imkan vermədi. Noyabrda tarixi qələbə əldə etdik. Fikrimcə, pandemiyaya qarşı real mübarizə aparılmasaydı, çevik idarəçilik olmasaydı, bəlkə də müharibənin gedişatı zamanı müəyyən çətinliklərlə üzləşə bilərdik”.