28 May 2021 09:14
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyətinin elan edilməsindən 103 il ötür.

Teleqraf.com Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1918-ci ildə İstanbuldakı fəaliyyəti ilə bağlı yazını təqdim edir:

***
1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan Batum müqaviləsindən sonra bir tərəfdən Qafqaz İslam Ordusu, digər tərəfdən isə istiqlaliyyəti elan edən Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə Azərbaycan və Bakı uğrunda mübarizə aparırdı. Qafqaz İslam Ordusu hərbi qanunlar, Rəsulzadə isə diplomatik gedişlər vasitəsilə eyni hədəfə doğru irəliləyirdilər.

Yeni dövlətin dörd bir tərəfi düşmənlərlə əhatələnmişdi; üz tuta biləcəyi yeganə siyasi-iqtisadi ümid qapısı Osmanlı ı idi. Bu durum onu ləngimədən İstanbulla hərtərəfli əlaqələr qurmaq üçün nümayəndə heyəti göndərməyə vadar edirdi. İstanbul Konfransı bu məqsəd üçün ən uyğun məqam idi. İyunun 17-də qəbul edilmiş ən önəmli qərarlardan biri İstanbula Heyəti-Mürəxxəsə göndərmək haqqında oldu.

Heyət bu tərkibdə təsdiqləndi: rəis (sədr) Məhəmmədəmin Rəsulzadə, mürəxxəslər (səsvermə hüquqlu tam səlahiyyətli nümayəndələr) Xəlil bəy Xasməhəmmədov və Aslan bəy Səfikürdski, siyasi müşavirlər Əkbər ağa Şeyxülislamov və Əhmədcövdət Pepinov, hərbi müşavirlər general İbrahim ağa Usubov və polkovnik Əbdülhəmid Qaytabaşı, maliyyə müşavirləri Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov (maliyyə müşavirləri onlara hökumətin 11 iyul tarixli qərarı ilə qoşulmuşdu).

Heyətin həll edəcəyi başlıca məsələlər bunlardı: 1) Osmanlı hökumətinin Azərbaycana gerçək münasibətini öyrənmək və diplomatik əlaqələr qurmaq; 2) Osmanlı dövlətinin Azərbaycana siyasi-iqtisadi yardımını təşkil etmək; 3) Osmanlı ictimai rəyində və mətbuatında Azərbaycanı tanıtmaq; 4) Ermənistan və Gürcüstanla sərhəd məsələlərini həll etmək; 5) Müttəfiq ölkələrin təmsilçiləri ilə Azərbaycanın bağımsızlığının tanınmasına cəhd etmək.

S.b.Behbudov və Ə.b.Rüstəmbəyovdan ibarət maliyyə heyəti isə Osmanlı dövlətin¬dən Azərbaycan üçün təcili borc almaq və İstanbulda Azərbaycanın pulunu çap etdirməklə vəzifələndirilmişdi (bu heyət işini uğurla qursa da, təəssüf ki, beynəlxalq siyasi durum işin müsbət nəticələnməsinə imkan vermədi).

***
Rəsulzadə bir tərəfdən dünyanın mərkəzi şəhərlərindən olan Osmanlı paytaxtında diplomatik korpuslarla görüşür, digər tərəfdən Osmanlı mətbuatına müsahibələr verərək qurduğu dövlətin mahiyyətini və hədəflərini izah edirdi.

Həmin ilin 26 iyununda “Vakit” qəzetinə müsahibəsində Rəsulzadə iki il boyunca Qacar dövləti ilə problem təşkil edəcək “Azərbaycan” adı ilə bağlı məlumat verərək dövlətin sərhədlərini ümumi şəkildə bildirir: “Biz Qafqazın daxilində olan Azərbaycan hökumətini təşkil edir, başqa heç bir torpaq üzərində heç bir əməl, heç bir niyyət, heç bir məqsəd güdmürük”. Rəsulzadə yeni qurulan hökumətin İran Azərbaycanına da olan iddiasına dair dolaşan fikirlərin dost olmayaq qruplar tərəfindən xüsusi olaraq ortalığa atıldığına əmin olduğunu qeyd edir.

“Tarixə qalsa, bütün Cənubi Qafqaza iddia edə bilərik”

İyul ayının 4-də “Haftalık gazete”yə verdiyi müsahibəsində Rəsulzadə Ermənistanla sərhəd məsələsinə toxunaraq fikrini bu şəkildə izah edir: “Bizcə Ermənistanın Azərbaycan ilə olacaq sərhədi Göyçə gölünün ortasından ayırıcı xətt çəkmək şərtiylə mümkün ola bilər və bu xəttin daha şərqinə qətiyyən keçə bilməz”. Rəsulzadə sərhəd məsələsində etnoqrafiya və coğrafiya amillərinə əhəmiyyət verdiyini bildirir, müxbirin “bəs tarixi nəzərə almırsınız?” sualına belə cavab verir: “Biz tarixi qabartmaq istəmirik, çünki belə olduğu halda bütün Cənubi Qafqazı istəmək lazım gələr! Bu isə digər millətlərə bizim hakim olmağımızı istəmək deməkdir. Halbuki bu keçmişə aiddir. İndi biz bu millətlərin öz müqəddəratlarını özlərinin təyin etmələri əsasını qəbul etdiyimiz üçün belə bir iddiada olmağı istəmirik”.
Göründüyü kimi Rəsulzadə Cənubi Qafqazda qurulan dövlətlərin ərazisində tarixi Azərbaycan torpaqları olduğunu da izah edir, lakin mövcud şərtlərin diqtəsinin doğru olduğuna inanır. Rəsulzadə bu müsahibəsində ermənilərin Daşnaksütun partiyasının Gəncə vilayətinin iki hissəyə bölünməsini istədiklərini də qeyd edir. Çünki o dövrdə Gəncə vilayətində yaşayan 1.300000 nəfərlik əhalinin 400 mini erməni idi. Rəsulzadə isə buna qarşı çıxaraq ermənilərin dağlıq vilayətləri tələb etmələrinin türklərin iqtisadi həyat tərzinə ağır zərbə vuracağını qeyd edir.

Sultanla görüş

Rəsulzadənin bu müsahibəni verdiyi ərəfələrdə Osmanlıda da mühüm bir hadisə baş vermişdi. Sultan V Mehmed Rəşad iyulun 3-də vəfat etmiş, yerinə VI Mehmed ünvanı ilə Vəhdəddin keçmişdi. İstanbulda olan Azərbaycan heyəti yeni sultanın tacqoyma mərasimində iştirak etmiş, eləcə də sultanın qəbulunda olmuşdular. Yeni sultan Azərbaycan nümayəndə heyətini böyük hərarətlə qarşılamış və onlara belə xitab etmişdi: “Hürr və sevimli Azərbaycanımızın müməssilləri tərəfindən təbrik edildiyimi həyatımın məsud bir vəqəsi olaraq tələqqi edərəm. Əsarətdən xilas olmuş bu yeni türk və müsəlman hökumətinin təmini-hürriyyət və istiqlalı hökumətimin ən müqəddəs vəzifəsini təşkil edər. Azərbaycanın kəsbi-həyat və qüvvət edərək bərabərlikdə ümumi düşmənlərimizə qalib gələcəyimizi ümid elərəm. Salamımın azərbaycanlı qardaşlarımıza təbliğini arzu edərəm”.

Rəsulzadə bu görüşlə bağlı göndərdiyi raportda maraqlı bir bilgi də təqdim edib: “.. Qapıdan çıxarkən zati-şahanənin Ənvər paşa həzrətlərinə təqrib edərək: “Bu dəqiqələr ömrümün ən səid dəqiqələridir” buyurduqlarını eşitməklə köksümüz sevinclərlə dolub daşmışdı”.

“Bakı Azərbaycandır!”

Rəsulzadənin mücadiləsi faydalı olmağa başlamışdı. Azərbaycanda Qafqaz İslam Ordusu Bakıya doğru irəliləyərkən Osmanlı mətbuatında bu mövzu daha çox gündəmə gəlməyə başlamışdı. Buna görədir ki, 18 avqustda “Tercümani-Hakikat” qəzetində Əhməd bəy Ağaoğlu da “Bakı məsələsi” adlı bir məqalə qələmə almışdı. Ağaoğlu məqaləsində açıq şəkildə yazırdı: “... Azərbaycan heç bir zaman və heç bir vəchlə Bakıdan vaz keçə bilməz. Bakı Azərbaycandır, Azərbaycan Bakıdır. Bu, tarixən belə olduğu kimi etnoqrafiya və coğrafiya etibarı ilə də belədir. Azərbaycanın son nəfəsinə qədər Bakı üzərində israr edəcəyi və Bakıdan onu ayırmaq istəyən hər hansı bir qüvvəti özünə düşmən biləcəyi olduqca təbiidir”.

Ağaoğlunun yazdığı məqaləsindəki eyni ruhu Rəsulzadənin 26 avqustda “Tanin” qəzetinə verdiyi müsahibəsində görürük. Rəsulzadə müxbirə Bakıdakı mövcud vəziyyəti izah etdikdən sonra deyir: “Bakı nə bolşeviklərin, nə də menşeviklərindir. Bakı nə rusun, nə erməninin, nə də ingilisin ola bilər. Bakı yalnız Azərbaycanındır və əbədiyyən də Azərbaycanın olacaqdır. Azərbaycan bir hökumət surətində yaşadığı müddətcə Bakı paytaxtımız olacaqdır. Buna bütün mövcudiyyətimizlə əhd etdik. Bütün azərbaycanlılar buna bütün qəlb və imanları ilə qanedir, bunu belə biliblər, belə də biləcəklər”.

Sentyabrın 2-də “Zaman” qəzetinə verdiyi müsahibəsində Rəsulzadə hətta Osmanlıya qarşı da çıxa biləcəklərini qeyd edir: “Fərz edək ki, Almaniya və ya hamimiz olan Türkiyə bizə qarşı çıxır, sizi əmin edirəm ki, bunun qarşısında dayanacağıq və Bakıdan heç bir zaman öz istəyimizlə vaz keçməyəcəyik”.

“Bakını hər kəsdən daha çox mühafizə edərik”

Rəsulzadə Bakısız Azərbaycanın mümkün olacağına inanmırdı. Bununla yanaşı başda Almaniya olmaqla bir çox dövlətin neft quyularına görə bu şəhərə gözlərini dikdiklərini bilirdi. Nəhayət, 15 sentyabrda Bakı işğaldan azad edilir və Ənvər paşa Rəsulzadəyə “Əmin bəy, gözün aydın” teleqramını göndərir. Bakı artıq ingilis və ruslardan, eləcə də ermənilərdən xilas edilmişdi. Bakının qoruyucusu da ancaq azərbaycanlılar ola bilərdi. Ona görə də Rəsulzadə 28 sentyabrda “Yeni gün” qəzetinə açıqlamasında bildirir: “Azərbaycanlılar təkcə neft üçün deyil, Bakıya milli, tarixi, coğrafi, irfani, ictimai və siyasi bağlarla bağlı olduqlarından buranı hər kəsdən daha çox mühafizə edə bilərlər”.

Artıq Rəsulzadənin İstanbuldakı vəzifə borcu bitmişdi. Onu qarşıda daha böyük işlər gözləyirdi. Yenidən Milli Şuranın başına keçəcək, Azərbaycan parlamentinin açılışını edəcəkdi.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər