29 May 2021 19:45
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib. Dövlət himnimiz səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

Məzunlar adından çıxış edən Vətən müharibəsi iştirakçısı Siruz Musayev keçirilən kursların əhəmiyyətindən danışıb, xidmət müddətində və kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 18 illik siyasi rəhbərliyi dövründə daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayıb. Göstərilən diqqət və qayğı nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində də qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər. İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcrübəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər