1 İyun 2021 11:36
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürəcək və müharibədən, zorakılıqdan uzaq yaşayaraq rifah içində böyüyəcəklər. Bu gün dünyanın bir çox yerlərinədə silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkir. Biz də öz tariximizdə bunun acı nəticələrini görmüşük. 1990-ci illərin əvvəllərində Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onlardan 300 mindən çoxu uşaqlar idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib

O bildirib ki, müharibə və onun dəhşətləri uşaqlarda dərin psixoloji iz buraxır:

“1994-cü ildə atəşkəs rejimi elan olunmasından sonra belə ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edib:

"Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olub, 50-si yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib. Erməni faşizminin keçən il törətdikləri qanlı terror hadisələri nəticəsində bu uşaqların bütün arzuları ömürləri kimi yarımçıq qaldı. Ermənistan 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozub. Amma terrorçu dövlət buna görə heç bir məsuliyyət daşımayıb. Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi kimi, uşaq qatillərinin də layiqli cəza almasına nail olacaq”.

Komitə sədri qeyd edib ki, bütün dövlətlər uşaqlara daha yaxşı gələcək qurmaq üçün çox vacib öhdəliklər götürür:

“Dayanıqlı İnkişaf Məqsədləri də uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə müəyyən edilmiş 17 məqsədin hər biri bu və ya digər şəkildə uşaq hüquqları ilə əlaqəlidir. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Bu siyasətin reallaşmasında qanunvericilik bazasının yaradılması çox vacibdir. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına və bu Konvensiyanın 2 Əlavə Fakültativ Protokollarına qoşulub. Uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da gücləndirilir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, ”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında” qanunlar qəbul edilib. Eyni zamanda "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyası təsdiq edilib. Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamı bu sahədə işlərin daha da təkmilləşməsinə səbəb olacaq”.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda heç bir ayrı-seçkiliyə yol vermədən, bütün uşaqların hüquqlarına hörmət edilir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşaması üçün bütün imkanlar yaradılır:

“Dini, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə bütün uşaqlara eyni münasibət göstərilir. Onlar vətənpərvər, dostluq, mehribanlıq, sevgi kimi ülvi hislərlə böyüyürlər. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Bir zamanlar uşaq olan bu gənclərin hər biri Azərbaycanı öz Vətəni hesab edir və onun azadlığı uğrunda vuruşmağa, mübarizə aparmağa hazır olduqlarını öz mərdlikləri, cəsurluğu ilə yenidən təsdiq etdilər. Çünki onlar kin, nifrət hislərindən uzaqdırlar”.

Millət vəkili əlavə edib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır:

”Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunmalıdır. Onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə və dövlətin üzərinə mühüm məsuliyyət daşıyır. Uşaqlar gələcəyə mirasdır, çalışmalıyıq ki, onlara xoşbəxt həyat bəxş edək. 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, hər birinə can sağlığı, firavan həyat uğurlar arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər