Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında bir sıra mühüm məsələlər toxunub. Azərbaycan pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər edən ölkələrdəndir. Ölkə iqtisadiyyatına pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb. Bu məqsədlə COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Hazırda isə pandemiya ilə mübarizədə əsas prioritet əhalinin vaksinasiyasıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılır: “Cari il yanvarın ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. Eyni zamanda artıq 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilər. Vaksinasiyadan keçən vətəndaşlara COVID-19 pasportları təqdim edilməklə prosesin daha da səmərəli və effektivliyinə nail olunur”.
Deputat deyib ki, ölkəmizdə pandemiya ilə mübarizə işi planlı şəkildə aparılır: “Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirib. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 minə çatdırlıb. Bu isə pandemiyaya qarşı mübarizənin effektivliyinə mühüm təsir edən amillərdəndir”.
Cavid Osmanov Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qaldığını söyləyib: “Azərbaycan pandemiya dövründə humanitar təşəbbüslərlə çıxış edən ölkə kimi tarixə düşdü. Bununla yanaşı ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasına da tərəfdar çıxan ölkələr sırasında yer alıb. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Çünki hazırda da davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb”.
Millət vəkili hesab edir ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir: “Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Çünki Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Eyni zamanda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ölkəmiz ÜST tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır. Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Bununla yanaşı panmdemiya dövründə Azərbaycan ÜST-ə 10 milyon dollar həcmində yardım ayırıb. Dövlətimiz tərəfindən həmçinin 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib”.