3 İyun 2021 15:17
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattaradan:

"Cənab Prezident. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Kot-d’İvuar hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımızın firavanlığı naminə iki ölkənin uğurla davam etdirdiyi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bir daha məmnunluqla qeyd edirəm".

***

Malta Respublikasının Prezidenti Corc Velladan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, yeni əməkdaşlıq sahələrini araşdırmaqla bizim münasibətlər xalqlarımızın qarşılıqlı maraqları naminə növbəti illərdə də inkişaf edəcəkdir. Malta Respublikası, həmçinin Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı münasibətlərin, xüsusilə də Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində dərinləşməsini dəstəkləməkdə davam edəcəkdir.

COVID-19 pandemiyasının yayılması hər birimizə təsir edən təhdidlər yaratmaqda davam edir. Beynəlxalq ictimaiyyətin üzvləri kimi, bəşəriyyət əleyhinə olan bu müstəsna təhdidə qarşı həmrəylik göstərməyimizi və birgə mübarizəmizi davam etdirməyimiz əhəmiyyətli məsələ olaraq qalmaqdadır.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq, davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən:

"Hörmətli Prezident, Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir və Sizə Prezidentlik fəaliyyətinizdə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya ilə Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan, ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da möhkəmlənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah diləyirəm.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Tailandın Kralı Maha Vaciralonqkorndan:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq və rifah arzulayıram".

***

Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohendən:

"Cənab Prezident.

Panama Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan əlamətdar tarix olan 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqının firavanlığı və tərəqqisi üçün ən səmimi arzularımı, habelə hökumətimin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini davam etdirmək niyyətini çatdırmaq istərdim.

Bir daha Zati-alinizə ən yüksək hörmət və ehtiramımı ifadə edirəm".

***

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahdan:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı olaraq inkişaf etməsi ilə bağlı səmimi arzularımızı bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycana və onun dost xalqına davamlı tərəqqi, firavanlıq arzulayıram".

***

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan:

"Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Mən məmnuniyyətlə qeyd edirəm ki, Malayziya və Azərbaycan hər zaman yaxın, səmimi münasibətlərdə olublar. Malayziya qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Azərbaycanla sıx işləməyə hazırdır.

Allah-Təala Zati-alinizə möhkəm cansağlığı, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına və onun xalqına, sülh və firavanlıq bəxş etsin".

***

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Zati-aliləri.

Fürsətdən istifadə edərək milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, ölkələrimiz arasında səmimi dostluğa çox yüksək dəyər verir, əməkdaşlıq əlaqələrimizin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daha da inkişaf etdiriləcəyinə ümid edirəm.

Sizə ən dərin ehtiramımı və xoş arzularımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq diləyir, həm də Ramazan bayramınızı təbrik edirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

***

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovadan:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Azərbaycan xalqına sülh, firavanlıq və demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi işində uğur arzulayıram. İnanıram ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir".

***

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfidən:

"Cənab Prezident.

Zati-alinizə və dost Azərbaycan xalqına Respublika Günü münasibətilə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı və səadət, xalqınıza isə tərəqqi və firavanlıq arzu edirəm.

Bu əlamətdar gündə Uca Allahdan diləyim budur ki, dost Azərbaycan xalqına davamlı inkişaf, sabitlik və firavan gələcək nəsib etsin.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan:

"Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Zati-aliləri, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələri genişləndirmək məqsədilə göstərdiyimiz birgə səylərin hökumətlərimiz arasında ticarət və iqtisadiyyat, eləcə də hava daşımaları, ərzaq təhlükəsizliyi və enerji sahəsində ikitərəfli sənədlərin imzalanmasına imkan yaratdığını qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzulayıram".

***

San-Marino Respublikasının Kapitan-Regentləri Cian Karlo Venturinidən və Marko Nikolinidən:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildirir, uğurlar arzulayır, Azərbaycan xalqına isə firavanlıq və rifah dolu gələcək diləyirik".

***

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan:

"Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycana və dost xalqınıza davamlı inkişaf və rifah arzulayıram".

***

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:

"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü və Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Xalq Cümhuriyyətinin varisi olan müasir və müstəqil Azərbaycan xalqın azadlıq, öz taleyinin sahibi olmaq, beynəlxalq birliyin tamhüquqlu və qürurlu üzvünə çevrilmək arzularını uğurla reallaşdırır.

Bu gün Azərbaycan dünyada davamlı inkişaf edən, geostrateji əhəmiyyəti getdikcə artan bölgədə ən dinamik iqtisadiyyata malik, nüfuzlu dövlətlərdən biri kimi tanınır. Azərbaycanın milli maraqlara, beynəlxalq hüquq normalarına və prinsiplərinə, eləcə də mehriban qonşuluq münasibətləri ənənələrinə və dəyərlərinə əsaslanan fəal, sülhsevər, balanslaşdırılmış, çoxşaxəli və konstruktiv xarici siyasəti ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycanın siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə beynəlxalq səviyyədə tanınan rolu ölkənin qlobal və regional təşkilatlarda tutduğu qabaqcıl mövqelərində öz təsdiqini tapıb.

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu strateji layihələr regionun geosiyasi coğrafiyasını tamamilə dəyişərək, onu yeni yaranmaqda olan qlobal enerji və nəqliyyat-kommunikasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirib. Bu da beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sabitlik və firavanlığın təmin olunmasına töhfə verib.

2020-ci ilin noyabrında Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qazandığı şanlı Qələbə nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunması ilə bölgədə yeni bir dövr başladı. Yaranan bu bənzərsiz vəziyyət Xəzər dənizi və Qara dəniz hövzələri ölkələrini əhatə edən, həddindən çox böyük potensiala malik coğrafi ərazidə davamlı inkişaf və hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.

Biz bir neçə gün əvvəl 15 illiyini qeyd edən, qurucularından biri olan Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata – GUAM-a üzv və tərəfdaş ölkələrin, dost xalqların arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki rolunu yüksək dəyərləndiririk. Sizi əmin etmək istəyirik ki, biz tamhüquqlu regional təşkilat olaraq bu geniş coğrafi ərazidə sülhün, əməkdaşlığın və davamlı inkişafın təşviqinə yönəlmiş layihələrin və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq.

Cənab Prezident, icazə verin, bu əlamətdar bayram münasibətilə Zati-alinizi bir daha təbrik edim, işğaldan azad edilmiş ərazilərin bərpasında Sizə uğurlar, Azərbaycana və onun xalqına yeni qələbələr, nailiyyətlər, sülh, tərəqqi və rifah arzulayım.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər