5 İyun 2021 00:29
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı millətçilər 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən rusiyalı polisi həbsdən qurtarmaq üçün bir neçə gün idi ki, kampaniyanı böyütməyə davam edirdilər.

Sosial şəbəkələrdə Rusiyanın Novosibirsk şəhərinin yol polisi əməkdaşı Aleksandr Qusevə dəstək vermək məqsədilə petisiya yaradılmışdı.

"Novosibirsk sakinləri olaraq, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 1-ci bəndinin 118-ci və 109-cu maddəsilə ittiham olunan Aleksandr Qusevi azad etməyi, bundan əlavə, istintaqın diqqətlə aparılmasını, sürücü və sərnişinin polis əməkdaşına müqavimət göstərdiyi üçün məsuliyyətə cəlb olunmasını tələb edirik!” - petisiyada qeyd olunurdu.

İlk olaraq onu xatırladaq ki, Rusiya İstintaq Komitəsinin ilkin versiyasına görə, göstərilən müqaviməti dəf edərək, səlahiyyətlərindən kənara çıxan polis əməkdaşı dostları ilə bir avtomobildə olan və yol hərəkəti qaydalarına riayət etməyən 19 yaşlı gəncə qarşı zorakılıq törədib. Polis öncə əl və ayaqları ilə onu vurub, daha sonra isə silahını çıxarıb, hazır vəziyyətə gətirərək, başına doğru yönəldib. Daha sonra o, ehtiyatsızlıqdan tapançanın tətiyinə basaraq, gənc azərbaycanlını yerindəcə öldürüb.

İnsidentdən dərhal sonra Rusiyanın bir sıra mətbuat orqanları qatili müdafiə edərək, məsələyə millətçi rəng verməyə çalışdı. İş ora qədər çatdı ki, deputatlığa damizədliyini irəli sürən Mariya Butina kimi bəzi ictimai xadimlər də polisi dəstəkləməklə kifayətlənməyib, ona həm də "xidməti mükafat" verməyi təklif etdi. Ermənipərəst KİV isə azərbaycanlıları odlu silahla hərəkət etməkdə ittiham etməyə çalışdı.

Razılaşaq ki, yol qaydalarının pozulması hadisələrini dəfələrlə görmüşük, bu, demək olar ki, məişət məsələsidir. Polisə haqlı olduğunu demək, ona etiraz etmək də postsovet ölkələrində adi haldır. Ancaq polisin əvvəlcə şəxsi şillə və təpiklə vurması, ona təzyiq etməsi, qarşı tərəf heç bir müqavimət göstərmədiyi halda isə (videoya bir də diqqət edin) tabel silahını çəkərək, qoruyucunu açması görünməmiş haldır.

Yayılan görüntülərdən aydın olur ki, polis əməkdaşı özü də törətdiyi qətldən şok vəziyyətinə düşür. Yəni ehtiyatsızlıqdan edildiyi şübhəsizdir. Ancaq “ehtiyatsızlıq” olmaması üçün ümumiyyətlə silaha nə ehtiyac vardı? Niyə sənə heç bir müqavimət göstərməyən, təpik vuranda özünü qorumağa çalışıb uzaqlaşan şəxsə silah doğrultmalı, tapançanı ayağa gətirməli və qoruyucunu açmalısan?

Nəticə... arzulanmaz oldu. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkinin təqdimatı əsasında Qusevə qarşı həbs qətimkan tədbiri dəyişdirildi. Hətta onu həbs edən müstəntiqlər hədəfə alındı.

Bu da azmış kimi, Vəkil Abdullayev qətlə yetirilərkən orda olan qardaşı və dostu həbs edildi.

Qatili həbsdən azad etmək, günahsız insanları isə həbsə atmaq Rusiyanın millətçi düşüncəyə yenildiyinin və bu düşüncənin ən ali səviyyədə himayə olunmasının göstəricisidir.

Vəkil Abdullayev Azərbaycan vətəndaşı deyil, Gürcüstan vətəndaşıdır. Təəssüflə qeyd edək ki, Gürcüstan indiyə qədər olayla bağlı heç bir açıqlama verməyib. Gürcüstanın azərbaycanlı vətəndaşına sahib çıxmaması, Rusiyanın isə şovinist qərarı – azərbaycanlını qətlə yetirəni azadlığa buraxması olduqca pis nəticələr doğura bilər.

Cinayət varsa, cəzası mütləq olmalıdır. Cəzanı qanun vermirsə, o dövlətdə qisas şəxsi müstəviyə keçir, kriminal dövriyyəyə girir. Çünki artıq dövlət özü qanundənkənar elan olunur və orda yaşayanların yeganə çarəsi haqqını qorumaq üçün hər şeyə əl atmaq olur.

Bu və bu kimi hadisələr Rusiyaya yalnız və yalnız kriminal xaos, silahlı özbaşınalıq vəd edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər