8 İyun 2021 17:26
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin ailələrinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, M.Qusman “Moskva-Baku” portalına müsahibəsində deyib: “Təəssüf ki, jurnalist peşəsi ilbəil daha təhlükəli olur. Dünyanın ən müxtəlif yerlərindəki “qaynar” nöqtələrdə jurnalistlər tez-tez həlak olur. Lakin olduqca dinc peşə nümayəndələri olan jurnalistlərin müharibə başa çatandan, münaqişə bitəndən sonra həlak olması xüsusilə faciəvi, dözülməz dərəcədə ağrılı təsir bağışlayır. Mənim iki azərbaycanlı jurnalist həmkarım Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olub. Onlardan biri uzun illər boyu TASS informasiya agentliyinin tərəfdaşı olan AZƏRTAC agentliyində çalışırdı. Bu jurnalistlər oraya sırf peşəkar işlərini yerinə yetirmək, həmin diyarda bu gün baş verən hadisələr barədə söhbət açmaq üçün getmişdilər”.

Rusiyalı jurnalist qeyd edib ki, TASS Agentliyi və onun baş direktoru Sergey Mixaylov Agentliyin bütün kollektivi adından həlak olmuş jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Jurnalistlər həlak olan günün səhəri Avropa İnformasiya Agentlikləri Alyansının görüşü təşkil edilib. Həmin görüşdə Avropanın bütün aparıcı informasiya agentliklərinin rəhbərləri iştirak edirdi. Görüş iştirakçıları azərbaycanlı jurnalistlərin həlak olmasına görə dərindən kədərləndiklərini və onlarla həmrəy olduqlarını bildiriblər.

Mixail Qusman deyib: “Əlbəttə, dinc dövrdə insanların, jurnalistlərin ötən müharibənin qalıqları olan minalara düşərək həlak olması faktı ilə barışmaq mümkün deyil. Bununla əlaqədar, əlbəttə, minalanmış sahələrin xəritələrini əldə etmək, minaların zərərsizləşdirilməsi, belə partlayışlar nəticəsində dinc insanların, o cümlədən jurnalistlərin heç vaxt həlak olmaması üçün nə mümkündürsə etmək lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər