Bu bir həqiqətdir ki, cinayətkar cəzalanmalıdır. Belə hallarda ikili standart xətti təhlükəlidir. Beynəlxalq siyasətdə dəfələrlə bunun şahidi olmuşuq. Cinayətkar cəzasız qaldıqda o şirniklənir və yeni, daha ağır cinayətlər törətməyə meyilli olur. Ermənistanın timsalında bunun bariz nümunəsi var.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, Rusiya hüquq mühafizə orqanlarının əməkdaşı azərbaycanlı gənci Novosbirsk şəhərində odlu silahla qətlə yetirməsi faktı ətrafında ciddi informasiya ajiotajı yaranıb: “Bu da anlaşılandır. Çünki milliyətcə azərbaycanlı olan şəxsin Rusiya hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilməsi heç bir hüquqa sığmır. Bildirilir ki, polisin ehtiyyatsızlığı nəticəsinə o qətlə yetirilib. Burada açıq şəkildə hiss olunur Rusiya hüquq mühafizə orqanları prosesin dərindən araşdırılmasında və istintaqın aparılmasında maraqlı görünmür. Ən azı ilkin təəsüraf beləridr. Xüsusi ilə də qətli həyata keçirən polis nəfərinin azadlığa buraxılması, cinayət işinin açılmaması başqa mətləblərdən xəbər verir. Belə çıxır ki, ehtiyyatsızlıq nəticəsində istənilən şəxsi polis öldürə bilər, Sonradan da ehtiyyatsızlıq nəticəsində bu baş verib deyə onu azadlığa buraxmaq olar. Bu necə mümkündür? Belə hallar qəbuledilməzdir”.
Elman Nəsirova görə, bu hal hüquq mühafizə orqanlarına olan etimadın və etibarın aşağı düşməsinə səbəb olur: “Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Rusiya münasibətləri strateji xarakter kəsb edir. Siyasi dialoq yüksək səviyyədədir. İqtisadi əlaqələrin mövcud dinamik tempi var. Hümanitar sahədə iki ölkə arasında münasibətlər inkişaf edir. Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatına töhvə verir. Belə olan halda ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında Rusiya polisinin törətdiyi cinayət və bu cinayətkara münasibətdə loyallığın nümayiş olunması hansı amillərlə izah oluna bilər? Bu sözsüz ki, Rusiyada yaşayan azərbaycanlıların və ölkə ictimaiyyətinin də haqlı narazılığına səbəb olur”.
Millət vəkili hesab edir ki, cinayət törədilibsə cinayətkar mütləq şəkildə cəzalanmalıdır: “Selektiv yanaşmaya icazə verilməməlidir. Rus polisi rusiyalı şəxsi öldürsə, ona hansı yanaşma olardı? Bu sual öz aktuallığını qoruyur. Ona görə də, bu cür hallara son qoyulmalıdır. Həmin polis nəfəri öz cəzasını almalıdır. Rusiyanın digər polis nəfərləri də bilməlidir ki, qanunun ağır cəzası var və heç kim bunun fövqündə deyil”.