12 İyun 2021 22:46
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələrin Azərbaycana verilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir. Mina xəritələrinin əldə edilməsi qısa müddət ərzində ərazilərin minalardan təmizlənməsinə gətirib çıxaracaq ki, bu da on minlərlə insanın həyat və sağlamlığını təhlükədən xilas etmiş olacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə regionda yeni reallıq yaradıb: “Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Bölgədə və qlobal miqyasda separatizmə sarsıdıcı zərbə vurulub. Bu gün isə 10 noyabrdan sonra azad edilmiş ərazilərdə aparılacaq quruculuq bərpa işlərinə ən böyük təhlükə ermənilərin 10 illiklər boyu basdırdığı minalardır”.

Cavid Osmanov xatırladıb ki, müharibədə kapitulyasiya aktına imza atan Ermənistan hərbi və mülki azərbaycanlıların daha çox ölümünə səbəb olmaq üçün minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırırdı: “Müharibədən sonrakı dövrdə əsir düşmüş erməni hərbçilərlə bağlı isə həm Ermənistanın, həm də onların yalanlarına diqqət ayıran beynəlxalq təşkilatların əsassız bəyanatları eşidilirdi. Amma nədənsə, heç bir beynəlxalq təşkilat müharibədən sonra məhz ermənilərin basdırdığı minalar nəticəsində həyatını, sağlamlığını itirmiş Azərbaycan vətəndaşları ilə bağlı məsələ qaldırmırdı”.

Millət vəkili hesab edir ki, hər zaman humanizm prinsiplərinə sadiq olan Azərbaycan növbəti dəfə bu ali dəyərlərə hörmətini açıq şəkildə ortaya qoydu: “Ermənistan uzun sürən müzakirələrdən sonra nəhayət, Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verdi. Bu amil cənab Prezident İlham Əliyev siyasətinin və Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Əldə edilən razılığa görə, bu gün Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində Azərbaycan tərəfi saxlanılan 15 nəfər erməni vətəndaşını öz ölkəsinə təhvil verib”.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu da ötən ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunması regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının alternativsiz olduğunu söyləyib.

O qeyd edib ki, Azərbaycan tərəfi həmişə olduğu yenə də üzərinə düşən öhdəlikləri dəqiqliklə yerinə yetirməkdədir: “Vətən müharibəsində möhtəşəm qələbə sonrakı siyasi və taktiki qələbələrimizi də şərtləndirdi. Belə ki, birgə bəyanatdan sonra bu ilin 11 yanvar tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri növbəti sənədi imzaladılar. Birgə bəyanat kimi bu sənəd də Azərbaycanın güc mövqeyini aydın ifadə edirdi. Çünki 11 yanvar sənədində kommunikasiyaların açılması və iqtisadi layihələrin həyata keçirilməsi məsələləri öz ifadəsini tapıb. Yəni 10 noyabr bəyanatında yer alan mühüm şərtlərin yerinə yetirilməsinin vacibliyi bir daha növbəti siyasi-hüquqi əsaslarla qətiləşdirilib”.

Millət vəkili xatırladıb ki, 10 noyabr birgə bəyanatın 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması məsələsi ifadə olunub: “11 yanvar tarixində imzalanmış növbəti sənəd ayrıca olaraq, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu istiqamətdə real addımların atılması baxımından əhəmiyyətli idi. Lakin əldə olunmuş razılaşmalara baxmayaraq, təcavüzkar Ermənistan yenə də qeyri-konstruktiv davranışları ilə siyasi bleflər edirdi. Ona görə siyasi blef ki, birgə bəyanatın şərtlərinə əməl etməkdən başqa yolu olmadığı halda bunun əksini göstərməyə çalışırdı. Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin təqdim olunması bir daha həqiqətən də Ermənistanın davranışlarının siyasi blefdən başqa bir şey olmadığını nümayiş etdirdi. Ermənistan Azərbaycanın güc mövqeyini qəbul edir və bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi və hərbi reallıqların fərqindədir. Bu isə əminlik ifadə etməyə əsas verir ki, proqnozlaşdırdığımız kimi Ermənistan Azərbaycanın güc mövqeyinin təsiri və diqtəsi ilə müəyyənləşdirilmiş bütün şərtlərə əməl edəcək. Siyasi bleflər isə seçkiöncəsi daxili auditoriyaya hesablanıb”.

Elşad Mirbəşiroğluna görə, Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin qaytarılması bir sıra daha konkret siyasi mülahizələrin irəli sürülməsinə əsas verir: “İlk növbədə Ermənistan tərəfi əmin oldu ki, qarşısındakı əvvəlki Azərbaycan deyil və heç vaxt olmayacaq. Azərbaycana qarşı törədilən istənilən təxribatın qarşısı qətiyyətlə alınır. Birgə bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində təxribatçıların, terrorçuların çevikliklə zərərsizləşdirilməsi bunu aydın sübut etdi. Artıq Ermənistanın saxta informasiya maşını yararsızdır. Çünki birgə bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində zərərsizləşdirilmiş təxribatçıların hərbi əsirlər kimi təqdim olunması cəhdləri fiaskoya uğradı. Cənab Prezident İlham Əliyevin dünyanı intensiv məlumatlandırması bu istiqamətdə də mütləq qələbəmizi təmin etdi. Bəzi əhəmiyyətsiz istisnaları çıxmaq şərti ilə “hərbi əsirlər” ifadəsini işlətməklə heç bir subyekt Azərbaycana müraciət etmədi və tövsiyə vermədi. Azərbaycan növbəti dəfə öz iradəsini ortaya qoydu. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri əsasən Ağdam rayonunda həyata keçiriləcək. Ermənistanın məhz Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etməyə məcbur olması proseslərin Azərbaycanın iradəsinə uyğun cərəyan etdiyinin növbəti göstəricisidir. 15 erməni terrorçunun təhvil verilməsi müqabilində on minlərlə vətəndaşımızın, minatəmizləyənlərin həyatını xilas etmiş olduq”.

Deputat bildirib ki, bundan sonrakı mərhələdə ərazidə yenidənqurma işlərini və məskunlaşmanı daha sürətlə və təhlükəsizlik şəraitində həyata keçirmək mümkün olacaq: “Təkcə Ağdam üzrə ümumilikdə 97 min minanın koordinatlarının verilməsi Ermənistanın əsl terrorçu dövlət olduğunu bir daha sübut edir. Bu faktın özü də informasiya müstəvisində Azərbaycanın haqlı mövqelərini daha da möhkəmləndirir. Azərbaycan Ağdam üzrə minalanmış ərazilərin xəritəsini əldə etməklə bir neçə istiqamətdə strateji hədəflərini vurmuş oldu. Bu, növbəti uğurlu addımlarımız üçün unikal platforma yaradır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər