16 İyun 2021 16:02
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən yol boyu işğaldan azad olunan ərazilərin vəziyyəti gördük. Kəlbəcəri gördük. Necə bombalayıblar. Bunlar gələndə işğalçı, gedərkən dağıdıcı olublar. Sadəcə bu davranış belə Qarabağın kimin Vətəni bilməyə bəs edir. 30 il əvvəl azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri yandırmadılar, dağıtmadılar. Çünki insan öz evini dağıda bilməz, Vətənini yağmalaya bilməz. Qarabağ onların Vətəni olmadığı üçün dağıdıb getdilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd və şəhərlər yenidən inşa ediləcək. Ərdoğan bu prosesə Türkiyənin də dəstək verəcəyinə işarə edib:

“Bərabər inşa edəcəyik və yeni Qarabağı meydana gətirəcəyik. Mədəniyyətlə vandallıq arasında fərqi görmək istəyənlər Qarabağa gəlib baxsın”.

Prezident qeyd edib ki, Türkiyə olaraq bu mərhələdə də qardaş Azərbaycanın yanında olacaq: “Dünən qardaşım İlham Əliyev və heyətlərimizlə birlikdə Şuşada idik. Azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalanmasının bəxtiyarlığını yaşadıq. Şuşa Pənahəli xanın dövründən təbii sənət akademiyası kimi mədəniyyətin, incəsənətin, musiqinin yaradıldığı mərkəz olmuşdu. Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdu. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Nətavanın, Rəşid Behbudovun və neçə-neçə sənətkarların yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, türk dünyasında fikirləri ilə təsirli olan aydınların vətəni Şuşa mədəniyyətlə ayağa qalxır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Cıdır düzündə keçirilən Xarı Bülbül musiqi festivalı dünyaya açıq mesajdır”.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər